Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub.
Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.