“Onların partiyaları qapalı səhmdar cəmiyyəti kimidir”
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu sədri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaranmasının zəruriliyi haqqında xüsusi məqalə ilə çıxış edib. Qeyd edib ki, ADR Hərəkatının yaranması nəinki cəmiyyətdə, hətta hazırda siyasi fəaliyyətini davam etdirdiyi partiyada da birmənalı qarşılanmadı, bu hadisəyə yanlışlı-doğrulu, müxtəlif reaksiyalar verilib, yozumlar səsləndirilib.
ADR sədri məqaləsində müxalifət partiyaları haqqında fikirlərini də qeyd edib: “Bu gün Azərbaycanda müxalif siyasi partiyalara qapalı, qaranlıq fəaliyyət, qərarların bağlı qapı arxasında (uzağı 3-4 nəfərin iştirakı ilə) qəbul edilməsi, liderlərin sıravi üzvlərdən və xalqdan uzaq düşməsi xarakterikdir. Müxalifət partiyaları hakimiyyətdən narazıların ümid yerindən çox, özəlləşdirilmiş və qapalı səhmdar cəmiyyətə çevrilmiş şirkətləri xatırladır. Müxalif düşərgədə liderlərin avtoritar idarəçiliyi, səsləndirilən böyük vədlərin reallaşmaması, seçkidən-seçkiyə süni hərarətli, yerinə yetirilməyən vədlərin verilməsi sıravi üzvlərdə ”ömürlük müxaliflik sindromu" yaradıb, onları dərin ümidsizliyə düçar edib. İllərlə müxalifətdə qalaraq malik olduqları yüksək mənəvi dəyərlərin gündən-günə bir qədər də aşındığını, suyun qabağını kəsən əjdahanı öldürməyə “əli və ürəyi gəlməyən” liderlərin necə əjdahaya çevrildiklərini görən fədakar insanların həyata və gələcəyə olan inamları sarsılıb. Bəlkə də qəribə səslənəcək, müxalifət partiyalarını idarə edənlər sıravi insanların bu inamsızlığının daha da dərinləşməsində maraqlı görünürlər. Onların düşüncələrinə görə, müxalif siyasətçi ac, səfil olmalı, onun nəinki özü, hətta qohumları da büdcədən maliyyələşən heç bir dövlət idarəsində çalışmamalıdır".
Q.İbadoğlu qeyd edir ki, onlar Müsavat Partiyasının timsalında bu problemləri uzun müddət yaşayandan sonra 27 sentyabr 2014-cü ildə keçirilən qurultayı bir şans kimi baxıblar: “Partiyanın dirçəlməsinə yönələn platformamızla seçkilərə qoşulduq. Görəndə ki, partiya daxilində ziyalılar, xüsusilə, gənclər bu xətti müdafiə edir, daha da ruhlandıq. Qurultaydan əvvəl və qurultayda qarşılaşdığımız ədalətsizliklərə baxmayaraq qazandığımız 46 faiz səs partiyanın yeniləşməsinə olan sifarişin göstəricisi idi. Qurultayın ikinci günü yetərsayın olmaması da məhz bir gün əvvəl baş verənlərə passiv etirazın göstəricisi idi. Çox təəssüf ki, yeni rəhbərlik islahat tərəfdarlarını partiyadan uzaqlaşdırmaq və qurultaydan sonra partiyanı tərk edənləri ”xəyanətkar" adlandırmaqla yanlış yol tutdu. Müxalif siyasi qüvvələrin son illər ictimai-siyasi həyatın dinamikliyi fonunda cəmiyyətə yeni proqram və konsepsiyalar təqdim edə bilməməsi, eləcə də liderlərin bir-birini həzm etməməsi, güzəştə getməməsi səbəbindən müxalifətdaxili mübahisələrin kəskin münaqişələrə çevrilməsi vərdiş etdiyimiz müstəvidə yeniləşmənin və mübarizənin uğurla başa çatmasını şübhə altına salır. Məhz bu səbəbdən də tamam yeni bir müstəvidə bir qrup gənc və ziyalı ilə ADR hərəkatını yaratmağa qərar verdik".
Sonda hərəkat sədri vurğulayıb ki, ADR cəmiyyətdə etimadın qazanılması baxımından dialoqu yüksək dəyərləndirir və onu həmrəyliyin yaranmasının ilkin şərti kimi görür: “Nəhayət, ADR mayasında əxlaq, dürüstlük və səmimilik olmayan fəaliyyəti istisna edir. İctimai fəaliyyət, o cümlədən siyasət mütləq əxlaqlı olmalıdır”.
CAVİDAN