Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 12-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 35 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 3 ədəd qumbara, 3 alışdırıcı, 32 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 57 ədəd patron təhvil götürüblər.
Fevralın 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 75 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,4 kiloqramdan artıq heroin, 60 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın tiryək, 8,6 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.