26 Yanvar 2015 09:30
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni seçki bloku mesajı ikitirəlik yaratdı

Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan KXCP, Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azad Demokratlar Partiyası, Liberal Demokrat Partiyasının seçki bloku yaratması barədə xəbər müxalifətdə ajiotaj yaradıb.

Qeyd edək ki, yeni bloklaşma ilə bağlı xəbər mətbuatda Azadlıq Partiyasının sədri Əhməd Oruca istinadən yayılıb. Ancaq Xalq Partiyasının sədri Pənah Hüseyn buna etiraz edib. O, Əhməd Orucun yanlış olaraq belə bir informasiyanı təsdiqlədiyini bildirib. P.Hüseynin dediyinə görə, Mərkəzdəki partiyalardan altısının seçki bloku yaratmaq barədə qərarı olmayıb: “Belə bir təklif olub, müzakirə edilib və müzakirələr davam etdirilir. Hətta bununla bağlı bəzi sənədlərlə tanış olunub və imzalar atılıb. Qərar olacaqsa, bütün mövqelər bilindikdən sonra olacaq. Son iclasda iştirak edən 8 partiyanın hamısının rəyi bundan ibarət oldu ki, gələcəkdə bu partiyaların bir qismi və ya hamısı seçki blokuna çevrilsə belə, Demokratiya və İnsan Haqları Mərkəzinin fəaliyyəti davam etdirilsin. Yəni, Əhməd Orucun Mərkəzin seçki bloku ilə bağlı məsələdən asılı olmayaraq hər bir halda fəaliyyətini davam etdirəcəyi barədə dediklərindən başqa digər məlumatları dəqiq deyil. O cümlədən 6 partiyadan ibarət seçki blokunun yaradılması barədə deyilənlər həqiqətə uyğun deyil. Müsavat, ADP və Ümid Partiyası barədə Əhməd Orucun dediklərini də təsdiq eləmirəm. Biz Əhməd Orucun özündən bir aydınlıq gətirməsini istəyəcəyik”.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, Demokratiya və İnsan Hüquqları Mərkəzində qeyri-adi proses getmir: “Mərkəzdə adi və şəffaf proseslər gedir, burada mətbuatdan gizli bir şeylər yoxdur. İki gün əvvəl toplantı keçirilib və bununla bağlı da rəsmi açıqlama verilib”.

Mirmahmud Mirəlioğlu: “Mən hər uşağın dediklərinə cavab vermirəm”

Mirmahmud Mirəlioğlu Əhməd Oruca istinadən yayılan xəbərə də münasibət bildirib: “Bununla bağlı açıqlama olub. Hesab edirəm ki, bundan o yana danışmaq doğru deyil. Son müzakirələr də mətbuatda işıqlandırılıb”.

Mirəlioğlu Müsavatın AXCP-yə yaxınlaşmaq istəyini də qiymətləndirib: “Hər kəs addımlarını özü müəyyən edəcək. Buna görə də narahat olmağa əsas yoxdur. Eləcə də başqasının yerinə danışmaq da doğru deyil”.

AXCP funksioneri Sahib Kərimovun “Mirmahmud Mirəlioğlu istəmirsə, Milli Şuradan getsin” iddiasına gəldikdə KXCP sədri deyib ki, hər uşağın dediklərinə cavab vermək niyyətində deyil: “Mən hətta onun böyüyünün dediyinə də cavab vermək niyyətində deyiləm”.

Müsavatın gizli marağı

Mərkəzdə təmsil olunan bəzi partiyalar isə hesab edir ki, doğrudan da, seçki bloku məsələsində razılıq əldə olunub. Bu razılıq yanvarın 21-də keçirilən toplantıda əldə edilib. Lakin qərara alınıb ki, bu haqda mətbuata heç bir informasiya verilməsin. Bir qədər də gözlənilsin, digər partiyalar da dəqiq mövqe ifadə edəndən sonra məsələ ictimailəşdirilsin. Lakin 6 partiyanın razılığa gəlməsi məsələsi ictimailəşdikdən sonra Müsavat Partiyası bundan narazı qalıb. Çünki indilikdə Müsavat AXCP ilə birgə olacağını və ya kiçik partiyalarla bir blokda təmsil olunacağını dəqiqləşdirməyib. Bu səbəbdən də Mərkəzdə təmsil olunan kiçik partiyaların qruplaşmasını və seçki bloku məsələsində razılığa gəlməsinə imkan vermək istəmir. Məhz bu səbəbdən də Müsavatın dostu Pənah Hüseyn irəli çıxaraq seçki məsələsində razılığa gəlinmədiyini elan edib.

Eləcə də bildirib ki, hətta seçki bloku yaransa da, Demokratiya və İnsan Hüquqları Mərkəzində partiyaların funksional əməkdaşlığı davam etdiriləcək. Bu isə indilikdə yalnız Müsavatın maraqlarına uyğundur.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər