Milli Şuranın Koordinasiya Mərkəzinin yeni üzvləri arasında KXCP sədri Mirmahmud Mirəlioğlunun adı yoxdur.
Milli Şuradan Teleqraf.com-a bildirilib ki, Mirmahmud Mirəlioğlu son vaxtlar qurumun sessiyalarına, tədbirlərinə qatılmayıb. Bu səbəbdən onun Koordinasiya Mərkəzi üzvlüyünə namizədliyi irəli sürülməyib.
Milli Şuradakı mənbə onu da qeyd etdi ki, Milli Şuranın sessiyalarının əsas təşkilatçısı qurumun sədri Cəmil Həsənlidir və o, Şura üzvü olan partiyaları şəxsən tədbirlərə dəvət edir: "Cəmil Həsənli əvvəlki tədbirlərdə iştirak üçün Mirmahmud Mirəlioğluna dəvətlər göndərib, amma o, gəlməyib. Ondan sonra Cəmil Həsənli KXCP sədrinə dəvət göndərməyib".
Mənbə əlavə etdi ki, Mirmahmud Mirəlioğlu hakimiyytə loyal münasibət bəsləyən siyasi qüvvələrlə bir yerdə olmağa üstünlük verir.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə Teleqraf.com-a açıqlamasında bildirib ki, Milli Şuranın toplantısı barədə məlumatsızdır: "Nə toplantı, nə də toplantıdakı qərarlardan xəbərim yoxdur, maraqlanmıram".
KXCP sədri Milli Şura ilə bağlı digər suallarımızı da cavablandırmaq istəmədi və qeyd etdi ki, qurumun fəaliyyəti barədə heç bir məlumatı yoxdur. M.Mirəlioğlu "Milli Şuranın iclaslarına niyə qatılmırsız" sualına cavab vermək istəmədi.
Ayxan