26 Yanvar 2015 17:56
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən onu siyasət aləminin bəxti gətirən nümayəndələrindən sayırlar. Hələ tələbəlikdən siyasətin episentrində olan, gənc yaşlarından xeyli populyarlaşan və uğurlar qazanan, nəhayət, 12 ildir mandat sahibi olan bu “bəxt sahibi” ötən illərdə ən müxtəlif cəbhələrdən ittihamlara məruz qalması ilə də diqqət çəkib. Amma dediyinə görə, yaşı artdıqca üzləşdiyi tənqidlərə daha dözümlü tövr nümayiş etdirməyi özü özünə təlqin edib.



Həmsöhbətimiz bu həftə 50 yaşı tamam olan BAXCP sədri, deputat Qüdrət Həsənquliyevdir. Yubiley söhbəti aktual məsələləri müzakirə üçün həm də bir bəhanə oldu. Partiya sədri ilə islahatlar mövzusundan tutmuş keçmiş tələbə yoldaşı Əli Kərimli ilə münasibətlərinə qədər çox məsələlərdən danışdıq, xeyli ilginc açıqlamalar verdi.



- Qüdrət bəy, illər keçdi və siz də el diliylə desək, “Məşədi İbad yaşına” çatdınız. Yaşın bu məqamında nələr düşünürsünüz, Üzeyir bəyin məşhur etirafını bölüşürsünüz, yoxsa fərqli düşüncədəsiniz?

- Deyirlər Üzeyir bəy 50 yaşına çatanda deyib ki, Məşədi İbada sataşmaqla yaradıcılığında ən böyük səhvi edib. Əslində o, bununla özünə təskinlik verib. Yaş öz işini görür. Əbülfəz bəyin gözəl bir sözü vardı ki, yaşa dolduqca insan müdrikləşir, həyatı daha dərindən dərk edir. Bu, bir həqiqətdir. Yaş özü səni gəncliyin radikallığından, emosiyalarından uzaqlaşdırır. 50 yaş kifayət qədər böyük bir dövrdür. Azərbaycanda da orta yaş həddi elə yüksək deyil. Bunu nəzərə alanda düşünürəm ki, 50 yaş insanın özünə və cəmiyyətə ciddi hesabat verməli bir dövrdür.


- Parlamentin cari məsələlərindəki 3 dəqiqəlik reqlament sizin hesabat məruzəniz üçün ayrılsa, etdikləriniz haqda nələr deyərdiniz?

- Bu ölkənin müstəqilliyi üçün çalışdım, xalq hərəkatında olarkən özümü gəncliyin bir çox gözəlliklərindən məhrum etdim. Ancaq bəlkə də bu tale hər kəsə nəsib olmur. Hər bir xalqın taleyində müəyyən keçid dövrləri olur. Bizim müstəqilliyimizi qazanmağımız da xalqımızın tarixində böyük, şərəfli bir dövr oldu, biz də bu dövrün fəal iştirakçısı olduq. Müstəqillikdən sonrakı dövrdə də Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu üçün - mövcud reallıqlar nəzərə alınmaqla - əlimdən nə gəldisə etdim və bu gün də edirəm. Bu baxımdan xalqımızın qarşısına alnıaçıq çıxmaq imkanım var ki, mən nələrsə etmişəm. Mən 10 ildir beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edirəm. 2003-cü ilin millət vəkiliyəm, yaz sessiyasından fəaliyyətə başlamışam. 5 il də müəllim işləmişəm, Asiya Universitetində cinayət hüququndan mühazirə oxumuşam. Bu baxımdan pedaqoji fəaliyyətimdə nələrsə öyrətməyə, siyasi fəaliyyətimdə mümkün olanları etməyə çalışmışam.

- Bayaq dediniz ki, yaş artdıqca insan radikallıqdan uzaqlaşır. Deməli, sizin konstruktiv müxalifət olmağınızda yaşın da təsiri olub?

- Nelson Mandela irqçiliyə qarşı mübarizənin simvolu, böyük tarixi şəxsiyyət olub. O, həbsxanaya əlisilahlı, ekstremist, millətçi bir qrupun, gəncliyin liderlərindən biri kimi atılıb. Amma həbsdən çıxanda, 27 ildən sonra tamamilə fərqli dünyagörüşün daşıyıcısı idi və irqlərarası barış, sülh istəyən, insan haqları uğrunda mübarizə aparan təmkinli, Mahatma Qandi qədər dinc mübarizəni tərənnüm edən insan idi. Mən bunu ona görə deyirəm ki, yaş həqiqətən də öz işini görür. Əlbəttə, emosiya hər bir insana məxsusdur. Hətta güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürənlərə daha yüngül cəza təyin olunur. Çünki insanın öz hərəkətlərinə nəzarəti zəifləyir. Siyasət adamı çalışmalıdır ki, maksimum dərəcədə emosiyalarına nəzarət etsin və mən də buna çalışıram. Onu da bilirəm ki, biz insanıq, hamımızın emosiyası var. Bəzən elə ola bilər ki, insan öz emosiyalarının diktəsi ilə hərəkət edər, ağlının yox. Amma siyasətçidə gərək iradə o qədər güclü olsun ki, o, emosiyalarını cilovlaya bilsin.


- Əlinizdə imkan olsaydı, ömrünüzün hansı hissəsindən imtina edərdiniz: gəncliyin dadını çıxara bilmədiyiniz tələbəlik dövründən, dövlət katibinin müavini olduğunuz, AXCP-dəki fəaliyyətiniz, yoxsa parlamentdə keçən illərinizdən?


“Radikal olduğum dövrlər olub...”

- Bu, mənim taleyimdir və mən taleyimi yaşamışam. Odur ki, onun heç bir anına görə peşmançılıq hissi keçirmirəm. Allaha-tala mənim qismətimə çox ağrılı-acılı günlər yazıb. Bu həyatın çox böyük zərbələrini almışam. Görünür həyat elə budur. Deyirlər, həyat ağrı-acısı ilə gözəldir. Mən həyatın sevincini də, ən ağrısını da yaşamışam. Amma keçdiyim həyat yoluna görə də heç vaxt peşmançılıq hissi keçirməmişəm. Hansı dövrdə nəyi doğru hesab etmişəmsə, onu etmişəm, özümün doğru bildiyim qərarları vermişəm, addımları atmışam. Əlbəttə, vaxtilə radikal olduğum dövrlər olub. Lakin prosesləri daha dərindən dərk edəndən, regionda baş verənləri, dünya siyasətini daha dərindən təhlil edəndən sonra və bəlkə də başqalarından fərqli olaraq daha çox informasiya çıxışım olduğu üçün başa düşmüşəm ki, Azərbaycanda bir çox məsələlərin həlli bu iqtidarın iradəsinə bağlı deyil. Hər bir xalqın inkişaf indeksi, inkişaf səviyyəsi var. Elə məsələlər var ki, bu, zamanla həll olunacaq. Vaxtilə Əbülfəz bəy bizi sakitləşdirmək üçün deyəndə ki, “bəylər, bir çox məsələlərin həllinin zamana ehtiyacı var”, səmimi deyim ki, bu, məndə qıcıq doğururdu. Mən o gənclərdən biriydim ki, o sözü tam mənada qəbul edə bilmirdim. Amma zaman keçdi, indi artıq özüm o sözü siyasətə qoşulan gənclərə deyirəm. Elə məsələlər var ki, o, zamanla həll olunacaq. Bir dəfə NATO-nun iclasında müzakirə olunurdu ki, niyə Əfqanıstanda bu qədər vəsait xərclənir, ancaq nəticə yoxdur? Britaniyadan olan millət vəkili sonda yarıçılpaq şəkildə dedi ki, orda bir qrup əhali hələ də 13-cü əsr dünyagörüşü ilə yaşayır. Yəni 13-cü əsr insanı ilə 21-ci əsr cəmiyyətini qurmaq olmaz, siz nəhayət, bunu qəbul etməlisiniz. O baxımdan bizim bir çox məsələlərin həlli zamanla bağlı məsələdir, bizim tələsməyimizlə burda heç nə dəyişməyəcək. Müxtəlif demokratik şüarlarla Azərbaycanda hakimiyyət dəyişiklikləri etmək olar, bir hakimiyyət gedə, başqası gələ bilər. Deyək ki, 1917-ci ildə Çar Rusiyasında inqilab oldu, İkinci Nikolayı Stalin əvəz etdi. Nikolayın dövründə Rusiyada daha çox azadlıqlar var idi, yoxsa Stalinin? Hansı ki, Stalin “bərabərlik, azadlıq, siyasi hüquq və azadlıqlar” şüarları ilə hakimiyyətə gəlmişdi. Ancaq əvvəl pis-yaxşı Dumaya seçkilər keçirilirdi, müəyyən azadlıqlar, ən azından mülkiyyət hüququ var idi. Sovetlər dönəmində isə bunların heç biri olmadı...



- Bu məntiqlə Azərbaycan insanının özünün nə qədər zamana ehtiyacı var?

- Mən demirəm ki, hamı əlini yanına salmalı, oturub zamanı gözləməlidir. Amma prosesləri tələsdirməklə də nəticə əldə olunmur. Hakimiyyət dəyişikliyi şəraitində sən mövcud problemləri həll edəcək komandanı hardan tapacaqsan? Yeni düşüncəli kadrlar bu millətin içindən tapılmalıdır, bu isə mümkün deyil. Demək mövcud kadrlarla işləmək lazımdır. Tədrici proses getməlidir ki, həm müvafiq qurumlarda olanlar artıq başqa dünyagörüşün daşıyıcıları olsunlar və cəmiyyət də onu qəbul etmək iqtidarında olsun. Bunun üçün konkret zaman söhbəti etmək çətindir. Amma nəsillər dəyişməlidir. Yəni mentalitet qısa müddətdə dəyişmir.



- Deməli, bu iqtidarın hələ uzun illər qalmasını istəyirsiniz?

- Mən hakimiyyət dəyişikliyi məsələsini önəmli saymıram. Əvvəla, Azərbaycanda hakimiyyət dəyişikliyi konstitusion əsasda baş verməlidir. Yəni kimsə istəyirsə ki, hakimiyyət inqilabi yolla dəyişsin, o, bu xalqın düşmənidir. Ona görə ki, əgər ölkədə, iraq-iraq, inqilab olarsa, ara qarışarsa, bizim ölkəmiz Suriyadan, İraqdan da pis günə qalar. Təsəvvür edirsiniz bu ölkədə nə qədər maraqlı dövlətlər var. Amma eyni zamanda biz tədricən insanları ona hazırlamalıyıq ki, iqtidarlı-müxalifətli hamı onu qəbul etsin ki, hakimiyyət dəyişikliyi, demokratik seçkilər olmalıdır, siyasi-iqtisadi islahatlar aparılmalıdır. Özü də bu islahatlar hamısı yuxarıdan, tədrici qaydada, ardıcıl şəkildə aparılmalıdır.



“Əbülfəz bəy deyəndə ki, “bir çox məsələlərin həllinin zamana ehtiyacı var”, bu, məndə qıcıq doğururdu...”



- Yuxarılarda buna nə qədər istək, iradə var?

- Elə bizim dediklərimizin hamısı ona xidmət edir. Bu müsahibə də ona xidmət edir ki, ölkədə yuxarıdan islahatlar aparılsın.


- Deyilənlər nəzərə alınırmı?

- Vacib deyil ki, iqtidarda bunu hamı nəzərə alsın. Amma bunu cəmiyyət oxuyur, iqtidardakıların bir hissəsi bunu qəbul edir. Artıq bunun özü işdir. Yəni bu iş davam etməlidir ki, sonda böyük əksəriyyət, o cümlədən sadə insanlar artıq bunun alternativinin olmadığı qənaətinə gəlsin və biz bir-birimizi ittiham etməyək, günahlandırmayaq, sadəcə olaraq hamılıqla qəbul edək ki, daha başqa cür yaşamalıyıq. Bu halda, əlbəttə, dediyim islahatlar, dəyişikliklər baş verəcək.



- Builki parlament seçkilərinə qədər bir sıra ciddi islahatlara gediləcəyi, hətta parlamentli respublikaya keçidlə bağlı referendum keçiriləcəyi gözləntisi vardı və elə vaxtilə bu barədə siz də demişdiniz. İndi bu haqda nə düşünürsünüz?

- Ölkədə referendum keçirilməsi üçün kifayət qədər zaman var. Bizə seçki kampaniyasını keçirtmək üçün 2 ay vaxt lazımdır, bu da kifayət qədər böyük vaxtdır. Lap Avropa Oyunlarından sonra da siyasi iradə olsa, bunu keçirməyə zaman problemi yoxdur. Yəni yayda referendumu, payızda da seçkiləri keçirtmək olar. Yaxud seçkilərdən də sonra referendumun keçirilməsi mümkündür. Siyasi islahatların yolu konstitusion islahatlardan keçir. Hətta biz 2007-ci ildə təkliflər hazırlayıb təqdim etmişik. Əminəm ki, biz buna gedəcəyik. Baxın, Özbəkistan faktiki surətdə buna keçib, Qırğızıstan, Ukrayna, Moldova, Gürcüstan parlamentli respublikadır, Qazaxıstanda artıq bu məsələ gündəmə gəlib, Ermənistanda iqtidar buna getmək istəyir, ancaq müxalifət imkan vermir. Yəni qalır Türkmənistan, Azərbaycan, Tacikistan. Mən əminəm ki, zaman bizi də məcbur edəcək ki, ən azından parlamentli-prezidentli respublika modelinə keçək. Yəni prezident üsul-idarəsi saxlanılır, prezidentin geniş səlahiyyətləri olur, amma hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırır. Həmçinin çoxpartiyalı sistemin inkişafı üçün proporsional seçki sistemi bərpa olunur, parlamentdə yerlərin sayı 250-yədək artırılır. Əlbəttə, bunlar təkliflərdir. 150 nəfər də ola bilər.



- Parlament seçkiləri ilə bağlı müxalifətin müəyyən təşəbbüsləri var, yəqin siz də izləyirsiniz. BAXCP partiyaların bloklaşması məsələsinə necə yanaşır?

- Əlbəttə, radikal qüvvələr seçkilərə ayrı bir blokda, daha mötədil, mərkəzçi qüvvələr, bizim də təmsil olunduğumuz, bizim kimi düşünən partiyalar da bir yerdə gedə bilər. Yaxud iqtidar partiyası da ayrıca blok yarada bilər. Yəni biz çalışmalıyıq ki, Azərbaycanda Rusiya modelini tətbiq edək, cəmiyyətimizi çoxpartiyalı sistemə hazırlayaq. Buna görə də normalda Azərbaycan üçün 3-4 partiya lazımdır. Özbəkistanda bunu prezident İslam Kərimov özü edir. O partiyalar arasında müəyyən həddə qədər rəqabət də var. Əlbəttə, biz deyə bilmərik ki, orda tam demokratik sistem formalaşıb. Amma gələcək sistemin əsasları qoyulur, partiyalararası mübarizə, partiyaların strukturlaşmasından söhbət gedir. Yəni günün birində İslam Kərimov olmasa, artıq orda oturuşmuş, parlament idarəçiliyini mənimsəmiş, strukturlaşmış partiyalar var. Bu isə İslam Kərimovdan sonrakı dövrün qanlı-qadalı olmasının qarşısını alır. Rusiyanın özündə də oxşar model var. Partiyaların heç biri Putinə qarşı aqressiv mövqe sərgiləmir, ümummilli məsələlərdə onun yanındadırlar, amma cəmiyyətin problemlərini sərtliyi ilə ortaya qoyur. Orda artıq çoxpartiyalı Duma formalaşıb, narazı elektorat o partiyaların ətrafında birləşdiyi üçün siyasi partiyalar xaosa imkan vermir.



- Siz məlumatlı olarsınız, parlament seçkiləri ilində iqtidar və müxalifət arasında bu məsələlərdən bəhs edən müzakirələr gözlənilirmi?

Davamı olacaq...

Musavat.com


Müəllif:

Oxşar xəbərlər