“Azərbaycanda demokratik vətəndaş cəmiyyəti qurulmaqdadır və bu yöndə artıq müəyyən qədər yol keçmişik. Çox ciddi uğurlarımız var və bundan da geriyə dönən deyilik. Hesab edirəm, bu il də belə olacaq. 2015 çox rahat başlayıb”.
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyəti şərh edərkən deyib.
Vitse-spiker əlavə edib ki, əgər neftin qiymətinin düşməsini, bundan da doğa biləcək müəyyən narahatlıqları nəzərə almasaq, xüsusi problem gözlənilmir: “Əlavə edim ki, hazırda müəyyən tendensiyalar yenidən neftin qiymətinin qalxacağını və ilin ortalarına doğru normal bir həddə gəlib çıxacağını göstərir. Hökumət də lazım olan addımları atır. İctimai-siyasi sahəyə gəldikdə hər hansı problem olacağını düşünmürəm. Azərbaycanda müxtəlif siyasi partiyalar var. Bu partiyalar özləri dəfələrlə bir neçə yerə bölünüblər, onların da çoxsaylı liderləri var, o liderlərin hər biri deputat olmaq istəyir. Bu baxımdan, seçkilərdə çox güclü bir rəqabətin, yarışın şahidi olacağıq”.
Müxalifətin durumunu qiymətləndirən vitse-spiker deyib ki, onların alış-verişindən xəbəri yoxdur: “Mən bilmirəm onlar alış-verişi hansı ”bazar"da edirlər. Ancaq onu bilirəm ki, Azərbaycanda tam normal ictimai-siyasi mühit, demokratik seçki qanunvericiliyi var. Özlərini hamıdan hər şeyə daha layiqli hesab edən bir sıra müxalifət partiyalarının hansısa uğur qazanacağını düşünmürəm. Çünki onlar özlərini uğursuzluğa düçar etmək üçün nə mümkündürsə ediblər. Paramparça olmuş bir düşərgədə öz daxili problemlərini həll edə bilməyənlər ölkə vətəndaşlarına nə vəd verə bilərlər? Nə təqdim edə bilərlər ki, vətəndaşlar onu müsbət dəyərləndirsinlər?".
CAVİDAN