Musa Quliyev: "Ermənilərin hərəkəti bivec övladın atasını öldürüb goruna and içməsinə bənzəyir"
"Cəbhə xəttində son günlər müşahidə olunan gərginlik bir çox faktorlarla, ilk növbədə Ermənistanın özündə müşahidə olunan gərginliklə bağlıdır. Cənab prezident konfransdakı çıxışında da Ermənistanın tamamilə vassal və nökər dövlətə çevrildiyini bildirib. Artıq erməni xalqı bu hökumətdə, bu cür idarəçiliklə yaşamaq istəmir. Erməni xalqı artıq Ermənistan hökumətinin apardığı siyasətin uğursuz olduğunu dərk edib. Daim mitinqlər keçirir, daim bu böhrandan çıxış yollarını hökumətdən tələb edirlər.
Bu böhrandan çıxış yolunun da ən əsas açarı Qarabağ probleminin ədalətli həllidir. Ermənistanın gələcəkdə bir dövlət kimi yaşamasının, mövcud olnmasının başlıca şərti bu konfliktə son qoyulmasıdır".
Bunu qəzetimizə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev deyib. Müsahibəni təqdim edirik.
- Yanvarın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin etdiyi çıxışı nə cür qiymətləndirirsiniz?
- Cənab prezident konfransda bizim indiyədək keçdiyimiz yolu və qarşıda görəcəyimiz işlərin çox dəqiq xəritəsini çəkdi. Çox dəqiq göstərdi ki, Azərbaycanda iqtisadiyyat şaxələnmiş şəkildə inkişaf edir. Yəni, iqtisadiyyat təkcə neft sektorunun inkişafı üzərində qurulmayıb, qeyri-neft sektorunun müxtəlif prioritet sahələri də inkişaf edir. Bu il üçün Azərbaycanda kənd təsərrüfatı ili elan olunması təsadüfi deyil. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının ən mühüm tərkib hissələrindən biridir və ən səmərəli, gələcəkdə Azərbaycan məhsulunu xarici bazara çıxarmağa imkan verən sektorlardan biridir. Kənd təsərrüfatının inkişafına dövlət qayğısının müxtəlif şəkildə göstərilməsi - subsidiyaların ayrılması, vergilərdən azad olunma, dövlət tərəfindən texnikanın lizinq yolu ilə verilməsi, sürtkü yağları və yanacağın əvəzi ödənilmədən sahibkarlara verilməsi həyata keçirilir. Turizm sektorunun inkişaf etdirilməsi Azərbaycanda gəlirli sahələrdən biridir. Bu da öz müsbət təsirini göstərir ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olmasın. İnformasiya-kommunikasiya sektorunun inkişafı da diqqət mərkəzindədir. Artıq Azərbaycan iki peykini orbitə çıxarıb. Üçüncü peykini də 2017-ci ildə orbitə çıxaracaq.
Eyni zamanda, cənab Prezidentin konfransdakı çıxışında söylədiyi kimi, Azərbaycan çox böyük regional və transregional layihələrin iştirakçısı, bu layihələrin təşəbbüskarı və lideri kimi çıxış edir. TAP və TANAP layihəsi məhz Azərbaycanın liderliyi və iştirakı ilə həyata keçirilir. Bu gün Bakı-Tiflis-Qars dəmiryolunun çəkilişi Azərbaycanın liderliyi və Azərbaycan investisiyası vasitəsilə həyata keçirilir ki, bu da Uzaq Şərqi Avropa ilə birləşdirən bir layihə olacaq.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda yoxsulluğun davamlı olaraq aşağı düşməsi, məşğulluğun davamlı olaraq kifayət qədər yüksək səviyyədə təmin olunması, orta aylıq əmək haqqının, orta aylıq pensiyaların yüksəlməsi, müavinətlərin artırılması, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, sosial proqramların heç birinin məhdudlaşmaması, əksinə bir sıra investisiya proqramlarının da davam edəcəyinə dair cənab prezidentin söylədiyi fikirlər Azərbaycan iqtisadiyyatının dayanaqlılığını və Azərbaycanın gələcək illərdə də eyni templə inkişaf edəcəyini göstərir.
- Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini kimi, bütövlükdə 11 ildir icra olunan bu proqramlar regionların həyatında nəyi dəyişib?
- "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ilk dəfə 2004-cü ilin fevralında cənab prezidentin sərəncamı ilə qəbul olunub və indi də davam etdirilir. Bu proqram XXI əsrdə bütövlükdə Azərbaycanın, onun rayonlarının, Azərbaycan kəndinin inkişafı, burada infrastrukturun, istehsal müəssisələrinin yaradılmasının, əhalinin sosial rifah halının yaxşılaşmasının ən mühüm şərtlərindən biridir. Bu proqram müstəqil Azərbaycanın inkişaf tarixində xüsusi yeri olan bir dövlət layihəsidir. Cənab prezidentin yanvarın 27-də keçirilən konfransda da söylədiyi kimi, bu proqramın icrası nəticəsində Azərbaycan regionlarının siması dəyişib. Azərbaycan regionları müasir səviyyədə yenidən quruldu, abadlaşdı, inkişaf etdi və ən əsası da odur ki, burada əhalinin məskunlaşması, məşğulluğu, sosial rifah halının yüksəlməsi üçün hər cür şərait yarandı. Cənab prezident çox haqlı olaraq söylədi ki, ilkin olaraq infrastruktura vəsait ayrılmalı, investisiya qoyulmalı idi. O dövlətlər ki, vaxtında infrastruktura investisiya qoyublar, bu gün onlar onun nəticəsini görürlər. İnfrastruktur olmayan yerdə nə inkişaf, nə istehsal, nə emal, nə məşğulluq, nə də sosial təminat ola bilər. Bu mənada bizim infrastruktura qoyduğumuz investisiyalar bu gün öz bəhrəsini verməkdədir. Neftin qiymətinin dünya bazarında qiymətinin iki dəfədən çox aşağı düşməsi bu gün Azərbaycan iqtisadiyyatına o qədər də ciddi mənfi təsir göstərmir. Ona görə ki, biz vaxtında neftdən gələn pulları infrastruktura, regionların inkişafına qoyduq və bu gün Azərbaycan artıq həm istehlak, həm tikinti, həm də ərzaq malları ilə təchizatını özü həyata keçirir.
- Cəbhə xəttində son günlər müşahidə olunan gərginliyə münasibətinizi bilmək istərdik. Sizcə, vaxtaşırı olaraq bu gərginliklərin yaranması nə ilə bağlıdır?
- Bu, bir çox faktorlarla, ilk növbədə Ermənistanın özündə müşahidə olunan gərginliklə bağlıdır. Cənab prezident konfransdakı çıxışında da Ermənistanın tamamilə vassal və nökər dövlətə çevrildiyini bildirib. Artıq erməni xalqı bu hökumətdə, bu cür idarəçiliklə yaşamaq istəmir. Erməni xalqı artıq Ermənistan hökumətinin apardığı siyasətin uğursuz olduğunu dərk edib. Daim mitinqlər keçirir, daim bu böhrandan çıxış yollarını hökumətdən tələb edirlər. Bu böhrandan çıxış yolunun da ən əsas açarı Qarabağ probleminin ədalətli həllidir. Ermənistanın gələcəkdə bir dövlət kimi yaşamasının, mövcud olnmasının başlıca şərti bu konfliktə son qoyulmasıdır. Artıq erməni xalqı bunu dərk edib. Ancaq Ermənistanın rəhbərliyində olan bugünkü xunta, faşist rejimi hüquqi, ədalətli yolla hakimiyyətə gəlmədikləri kimi hüquqi yolla, xalqın istəyinə uyğun olaraq da hakimiyyətdən getmək fikrində deyillər. Ona görə də artıq müxtəlif bəhanələrə, provokasiyalarla erməni xalqının diqqətini başqa məsələyə, məsələn, Qarabağdakı gərginliyə yönəltmək, orda süni surətdə gərginlik yaratmaq, cəbhə xəttində atəşkəs rejimini tez-tez pozmaq və bununla da öz hakimiyyətlərinin ömrünü uzatmaq məqsədi güdürlər. Bunun başqa səbəbləri də var. Ola bilsin ki, müəyyən dövlətlər Azərbaycandakı inkişafı, sabitliyi, tərəqqini görmək istəmirlər. Onların təzyiqi ilə də ermənilər tərəfindən müxtəlif provokasiyalar olur. Müxtəlif fikirlər də var ki, bu provokasiyaların bir səbəbi də Ukrayna-Rusiya cəbhəsindəki gərginliyi diqqət mərkəzindən uzaqlaşdırmaq və diqqəti Qafqaza yönəltməkdir. Bu da ola bilər. Amma hər halda bu gərginliyin başında Ermənistan dövləti, o dövlətin faşist rejiminin hərəkətləri durur. Amma onlar hər dəfə provokasiya etdikcə layiqli cavablarını alırlar, itkilər verirlər və o itkilər də onların əleyhinə işləyən faktorlara çevrilir. Ona görə də Ermənistan tərəfi ağlını başına nə qədər tez yığarsa, bu məsələnin ədalətli, yəni, bugünkü beynəlxalq qanunların diqtə etdiyi şərtlər çərçivəsində həllinə can atarlarsa, razılıq verərlərsə, o qədər də erməni xalqı üçün yaxşı olar.
- Bu il qondarma erməni soyqırımının yüzüncü ildönümünü qeyd ediləcək. Ermənistan rəhbərliyi artıq yüzə yaxın ölkənin dövlət başçısını aprelin 24-ü İrəvanda keçiriləcək tədbirlərə dəvət edib. Həmin gün Türkiyə tərəfi də Çanaqqala zəfərinin yüzüncü ildönümü ilə bağlı tədbirlər düzənləyəcək. Türkiyə prezidenti də xeyli sayda ölkə başçısını Çanaqqalaya dəvət edib. Qardaş ölkənin bu gedişini nə cür qiymətləndirirsiniz?
- Türkiyədə keçiriləcək tədbiri mən normal qəbul edirəm. Onun aprelin 24-nə salınması da, ola bilsin ki, müəyyən siyasi maraqlar güdür. Amma, əlbəttə Çanaqqala zəfəri çox mühüm bir zəfərdir və Türkiyə dövlətinin qurulmasında, müasir Türkiyənin yaranmasında həmin tarixi günün çox böyük əhəmiyyəti var. Ola bilsin ki, Türkiyənin siyasi rəhbərliyi bu qərarı qəbul edərkən 24 aprel - ermənilərin qondarma soyqırımı iddialarını heçə endirmək, o tədbirə qarşı daha sülhsevər və mütərəqqi tədbir ortaya qoymaqla ağıllı bir yol fikirləşiblər. Hesab edirəm ki, bu, normaldır. Amma ermənilərin düşüncələri, arzuları solub gedəsi bir şeydir. Yəni, ermənilərin 1915-ci ildəki hadisələri erməni xalqının yüz illiyi kimi qeyd etmələri bivec övladın atasını öldürüb goruna and içməsi kimi bir şeydir. Yəni, ermənilər, əslində, dünənə yox, sabaha baxmalıdırlar və bu millətin bir bədbəxtliyi də ondan ibarətdir ki, onlar öz uydurma tarixlərindən ayrıla bilmirlər. Uydurma nağıllardan ayrılıb bugünkü real dünyaya baxa bilmirlər. Ona görə də onlar hər zaman tarixi nostalgiya ilə yaşayır və özlərini dünyanın ən əzabkeş xalqı, ən çox əzab-əziyyət çəkən, uğursuzluğa düçar olan bir xalqı kimi təqdim edirlər. Elə bil ki, bunlar artıq öz uğursuzluqlarından, öz faciələrindən zövq alan mazoxist kütləyə çevriliblər. Ona görə də bunlar aprelin 24-də İrəvana kimi çağıracaqlar, nə edəcəklər bunun heç bir əhəmiyyəti olmayacaq. Əgər 100 il ərzində dünya bu məsələnin qondarma bir məsələ olduğunu dərk edirsə və buna ciddi önəm vermirsə, bundan sonrakı 101-ci ildə kimə nə olacaq? Mən düşünürəm ki, 24 aprel 2015-ci ildə İrəvanda siyasi şoudan başqa heç nə olmayacaq.
- Bir neçə gündən sonra Milli Məclisin yaz sessiyası öz işinə başlayacaq. Yaz sessiyasında hansı məsələlərin müzakirə olunacağı gözlənilir?
- Bunu indidən demək bir qədər çətindir. Çünki bizim qanunvericilik işləri planı hələlik müzakirə olunmayıb. Amma bildiyimə görə, "Elm haqqında" qanun artıq hazırdır. Eyni zamanda "Reklam haqqında" qanun da hazırdır. Cənab prezidentin imzası ilə bizim komitəyə gələn bir sıra qanun layihələri var. O cümlədən "Ailə Məcəlləsi"ndə dəyişiklik, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik var. Bunlar iş planında nəzərdə tutulub. Eyni zamanda "Kənd təsərrüfatında informasiya-məsləhətvermə xidməti haqqında", "Kənd təsərrüfatı kooperasiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında" qanuna əlavə və dəyişikliklər olunması və sair layihələr var.
Səxavət Həmid