Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən altımərtəbəli mansard tipli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib:
“Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Məlumata görə, yanğın nəticəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı, dəhlizin üzlüyü və tavanı 5 m² sahədə deformasiya edib. Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i azyaşlı olmaqla 62 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.