7 Fevral 2015 20:30
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AXCP Lamiyə Quliyevanın həbsini siyasiləşdirmək istəyir”

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev son günlər ölkə mediasının gündəmindən düşməyən məhkum Lamiyə Quliyevanın cinayət işi ilə bağlı məsələyə münasibət bildirib.


Deputat M.Quliyev Publika.az-a açıqlamasında deyib ki, Lamiyə Quliyevanın məsələsi həddindən çox şişirdilir: “Bəzi dairələr bundan sui-istifadə edirlər. Hər şeydən öncə burada insan faciəsi var. İstər yeniyetmə və sevimli övladını itirmiş Aslanovların faciəsi, istərsə də uşaq vaxtından təcavüzə məruz qaldığı iddia edilən və 15 yaşında qətl törədərək həbsxanaya düşən, uğursuz uşaqlığı olan və atası da həbsxana da vəfat edən Lamiyə Quliyevanın və ailəsinin faciəsi. Bu faciələrdən şou düzəltmək heç kəsə yaraşmır və divident gətirmir. Bizim bir sıra müxalifət nümayəndələri və onların mətbuat orqanları Azərbaycanın ədliyyə sisteminin və hüquq-mühafizə orqanlarının fəaliyyətini şübhəyə alan məlumatlar verirlər. Hesab edirəm ki, bütün bunlar Azərbaycan vətəndaşlarının ədliyyə sisteminə, ədliyyə orqanlarına və Penitensiar Xidmətə olan inamlarını sarsıdır. Bu cür hallar isə dövlətçilik üçün təhlükəli hərəkətlərdir.


Bu cür məsələlərlə bağlı ehtiyatlı olmaq lazımdır. Mən Mədət Quliyevi hələ Gəncədə həkim işlədiyim illərdən tanıyıram. O, Azərbaycanın ən dəyərli insanlarından biridir, Azərbaycanın Milli Qəhrəmanıdır, generaldır, Vətənini və milləti sevən, dövlətə vicdanla xidmət edən adamdır. Mədət Quliyev Penitensiar Xidmətə rəhbər təyin ediləndən sonra, burada uğurlu islahatlar aparılıb. Ona görə də yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun. Jurnalist jurnalistliyini etsin, millət vəkili qanunlarını yazsın, ədliyyə orqanları da öz işləri ilə məşğul olsun. Hesab edirəm ki, bu cür spekulyativ yazılardan əl çəkmək lazımdır.

Bundan öncə Leyla Yunus haqqında da silsilə yazılar getmişdi ki, guya həbsxanada onu döyürlər, ac qoyurlar, zorakılıq olur və sairə. Amma neçə-neçə hüquq müdafiəçiləri, ombudsman gedib onunla görüşdülər, Almaniyadan həkimlər gəlib Leyla Yunusu müayinə etdi, sonra da məlum oldu ki, Leyla Yunusun saxlanma şəraiti çox yaxşıdır, səhhətində də heç bir problem yoxdur. Amma ortada bəzi müxalifət partiyası nümayəndələrinin və Azərbaycan dövlətinin müstəqilliyini istəməyən qüvvələrin maraqları var. İndi də AXCP sədri bütün işini, gücünü atıb bir kənara, başlayıb Lamiyə Quliyevanın işi ilə bağlı məhkəmələrin və ədliyyə sisteminin fəaliyyətini təhlil etməyə. Onlar Lamiyə Quliyevanın həbsini siyasiləşdirmək istəyir. Yəni, bu adamın işi-gücü, fəaliyyəti yoxdur. Ombudsman gedib gözü ilə görür, real olanlar barədə açıqlama verir, amma bəzi dairələr başlayır buna müxtəlif şərhlər verməyə. Onlar iddia edir ki, guya Lamiyə Quliyeva süni mayalanma ilə dünyaya uşaq gətirib və sairə.


Bu cür gülməli məsələlər danışırlar. Lamiyə Quliyeva özü də dəfələrlə deyir ki, mənə qarşı hər hansı zorakılıq olmayıb və sairə. Ancaq həmin dairələr yenə də iddia edirlər ki, guya ona qarşı təcavüz olub. Bu mənada da mən Lamiyə Quliyevanın məsələsinin siyasiləşməsinin tam əleyhinəyəm. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır, ədliyyə orqanları ədalətli qərarlarını verməlidir, Penitensiar Xidmət də qanuna uyğun olaraq bunları icra etməlidir, bütün vətəndaşlar da qanunlara hörmətlə yanaşmalıdır. Penitensiar Xidmətin rəisi Mədət Quliyev bu yaxınlarda dedi ki, bütün bu işlərin hamısı aydınlaşacaq və mətbuat konfransı olacaq və sairə. İndi biz də bunları sonadək gözləməliyik”.


Müəllif: