9 Avqust 15:05
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) avqustun 7-si saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Vurğulanıb ki, hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib:

"Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib. Avqustun 9-u saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarasını alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır. Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib".

***

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, ilkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Cəmilə Rəsulovanın qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulovun saxlanıldığı qeyd olunub.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər