15 May 2014 12:31
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Azərbaycan üçün müttəfiqlər və düşmənlər artıq çeşidləniblər. Azərbaycan bunlar arasında öz maraqlarına uyğun seçim etməlidir”.


Bu sözləri “Axar.az”a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun direktoru Fərrux Məmmədov deyib.


O, Azərbaycanda dəfələrlə səfərdə olan NATO rəsmilərinin Azərbaycanla sıx əməkdaşlığa maraqlı olduqlarını bildirib:


“Digər tərəfdən, Azərbaycanın regiondakı rolunun və mövqeyinin güclənməsi Alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilir və ona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir. NATO Hərbi Dəniz Qüvvələri ekspertlərinin Bakıdakı görüşü də NATO-nun Azərbaycanla əməkdaşlığa nə qədər önəm verdiyini göstərdi. Bu yaxında Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentleri arasında keçirilən görüşdən belə qənaətə gəlmək olar ki, Qərb və NATO ilə əməkdaşlığın yeni mərhələsinin başlanmasına zərurət var. Əgər Azərbaycan höküməti NATO ilə konkret təkliflər üzərindən əməkdaşlığı genişləndirərsə, o zaman Azərbaycan öz milli təhlükəsizliyini tam təminat altına ala bilər. Son hadisələr artıq çevik qərar vermə zərurətini doğurur”.


Təşkilat sədri Azərbaycanın Qərbdən istədiyi dəstəyi ala bilməsi üçün onunla əməkdaşlığı genişləndirməsinin vacib olduğunu deyib:


“Rusiyadan Azərbaycana təzyiqlər hər zaman davamlı olub. Bu da ölkəmizin geopolitik mövqeyi və karbohidrogen ehtiyatları ilə bağlıdır. Azərbaycanın güclü dövlət kimi formalaşması və inkişafı Rusiyanın maraq dairəsindən kənardır. Moskva imperialist-avanturist niyyətlərindən əl çəkmək fikrində olmadığını hər zaman büruzə verib. Qərbin Rusiyaya qarşı artan sanksiyaları tez bir zamanda Azərbaycana qarşı olan təzyiqlərin azalmasına şərait yaradacaq”.


F.Məmmədov Qərbin Azərbaycanla münasibətlərində ondan səmimiyyət gözlədiyini qeyd edib:


“Əgər Azərbaycan Qərblə tam səmimi olarsa, istənilən dəstəyi açıq şəkildə və ən güclü formada ala biləcək”.


Müəllif: