12 Fevral 2015 14:00
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycanda müxalifət partiyalarının rəhbərləri ilə keçirilən görüşün nəticələri barədə jurnalistlərə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Əli Həsənov bildirib ki, bu günki görüşdə siyasi partiyalarla görüşün formatı, reqlamenti, mövzusu və bütövlükdə görüşlə bağlı təşkilatı məsələlər müzakirə edilib: ”Ümumi gəldiyimiz razılaşdırma ondan ibarət oldu ki, PA-nın siyasi partiyalarla işləyən strukturunun rəhbəri olaraq mənimlə partiyaların görüşü aktual hesab olunsun. Cəmiyyət üçün lazımlı akt kimi dəyərləndirilsin. Bundan sonra mütəmadi olaraq hər iki ayda bir dəfə bu formatda yığışıb Azərbaycan cəmiyyətini, siyasi partiyaları, hakimiyyəti, daxili, xarici institutları narahat edən, aktual hesab olunan məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirə edəcəyik. Bütövlükdə birinci gəldiyim razılaşma ondan ibarətdir ki, bu görüşlər mütəmadi olsun. İkinci format məsələsini müzakirə etdik ki, bu görüşlərdə kim iştirak etsin. Biz siyasi partiyalar arsında ayrı-seçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İkinci görüşdür ki, müzakirələrdə iştirak edən partiyaların sayı 16, 17 və 20 arasındadır. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan partiyalar bura təşrif buyuranlardır. Başaqalarına da dəvət olub, sadəcə, bəzi səbəblərdən qatılmayıblar. Sonradan qatılsalar, qapılarımız onlara açıqdır. Burada geniş müzakirə olunan və ümumi razılığa gəlinən məsələlərdən biri ondan ibarətdir ki, görüşlərə çıxarılacaq gələcək mövzular əvvəlcədən müəyyən olunsun. Bütün siyasi partiyalar, ayrı-ayrı mətbuat orqanları, o cümlədən, dövlət qurumlarının ictimai hesab etdikləri məsələlər siyahılansın, bu siyahıya çıxarılmış məsələlər bütün siyasi partiyalara göndərilsin və onların seçimi ilə mövzulardan biri növbəti görüşün müzakirəsinə çıxarılsın. Görüşdə çox mövzular səsləndi. Xocalı soyqrımı ilə bağlı məsələdən başlamış seçkilərə qədər təkliflər oldu. İctimai-siyasi qüvvələri narahat edən, cəmiyyətin gündəlik rastlaşdığı məsələlərin müzakirəyə çıxarılması tövsiyə olundu. Nəhayət, 4-cü razılaşdığımız məsələ ondan ibarət oldu ki, burada keçirilən görüş, müzakirə olunan məsələlər ətrafında yaranmış fikir ayrılığı və yaxud fərqli ideyaları təkcə bu zalda saxlamayaq, onları həm də cəmiyyətə çıxaraq. Cəmiyyətdə müzakirəsini təmin edək, bunların ən mühüm olanlarının həyata keçirilməsinə həm siyasi partiyalar, həm də hakimiyyət orqanları çalışsınlar. Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, QHT-lər, mətbuat orqanları dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər. Azərbaycan şəffaf bir cəmiyyətə malik olsun, siyasi-iqtisadi islahatlar davam etdirilsin. Azərbaycan cəmiyyəti qəraraların ən doğrusunun qəbuluna inanmış olsun. Hazırda dövlət siyasətinin formalaşmasında ictimai şuraların yaradılmasına əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılıb".

Nemət


Müəllif: