12 Fevral 2015 14:17
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydın Mirzəzadə: “Rəsulzadənin və tarixi Müsavatın adından istifadə nəticəsiz üsullardır”

“Müstəqillik illərində yaranan Müsavat, əslində, partiya yox, konfederasiyadır. Yəni, bu təşkilat bir əqidə, bir amal, bir düşüncə sahiblərinin deyil, ayrı-ayrı qrupların Müsavat Partiyası brendi altında birləşmiş bir platforması idi. Bu partiyanı XX əsrin əvvəllərində fəaliyyət göstərən Müsavat Partiyasının varisi kimi götürmək də düzgün olmazdı. Həmin partiya ümumdemokratik və milli vətənpərvər prinsiplərə söykənən bir siyasi təşkilat idi. 1992-ci ildə bərpa edilən Müsavat yeni bir partiya idi. Sadəcə, köhnə addan istifadə edirdi. Ancaq tarixdə birinci Müsavat Partiyasının qoyduğu irs bir çoxlarını da rahat buraxmırdı və hər biri bu addan maksimum istifadə etməyə çalışırdı. Müəyyən müddət bu və ya digər səbəbdən onlar İsa Qəmbərin formal olaraq liderliyini qəbul etdilər. Ancaq bu, heç də onun fikirləri ilə razılaşıldığı demək deyildi. Təsadüfi deyil ki, zaman-zaman Müsavat Partiyasından, doğrudan da, cəmiyyətə bir demokratiklik gətirmək, konstruktiv müxalifət əhvali-ruhiyyəsi yaratmaq istəyən xeyli sayda intellektuallar çıxıb getdilər”.

Bunu Müsavat Partiyasında yaranan vəziyyəti şərh edən YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, nədənsə indi Müsavat rəsmiləri bunu yada salmamağa çalışırlar, amma fakt faktlığında qalır: “Qalanlar İsa Qəmbərin başqanlıqdan sonrakı dövrdə öz ideyalarını daha geniş yaymağa cəhd etdilər. Müsavat Partiyasının sonuncu qurultayında da bu maraqlar tamamilə bariz şəkildə ortaya çıxdı. Bir qrup hansının ki, lideri İsa Qəmbər sayılır və indi də elə liderliyində qalmağında davam edir, onlar radikallıq, Azərbaycanın bugünkü gününə müvafiq qərarların ortaya qoyulmadığı bir yolun tərəfdarları idi. Xaricdən müəyyən mərkəzlərə sıx bağlılığı, Azərbaycanın maraqlarını deyil, öz marginal maraqlarını ortaya qoyması İsa Qəmbər-Arif Hacılı qruplaşması üçün xarakterik idi. Və İsa Qəmbər özündən sonra demokratik seçki keçirilməsində maraqlı olmadığını açıq bildirirdi və var gücü ilə Arif Hacılının namizədliyini qabağa verdi”.

Deputat daha sonra qeyd edib ki, Müsavatdakı qrupun dövlət və cəmiyyətin inkişafına dair proqramlar işləyib hazırlamaq imkanı və marağı yoxdur: “Onlarda bu potensial da yoxdur. Bu gün cəmiyyətin seçdiyi siyasi qüvvə var - Yeni Azərbaycan Partiyası. Bu gün cəmiyyətin inandığı lider var - Prezident İlham Əliyev. Cəmiyyətin mütləq əksəriyyəti bunların arxasınca gedir. Eyni zamanda, elektoratın qalan hissəsini isə bu və ya digər cəhətcə parlamentdə təmsil olunan partiyalar öz ətrafına çəkə biliblər. Ancaq Məhəmməd Əmin Rəsulzadənin adından sui-istifadə edərək siyasi gündəmdə qalmaq, Azərbaycan tarixində görkəmli yer tutmuş Müsavat Partiyası brendindən istifadə edərək siyasətdə bir faktor olmağa çalışmaq, bunlar heç bir nəticəsi olmayan üsullardır”.

CAVİDAN


Müəllif: