9 Oktyabr 14:36
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə sosial şəbəkələrdə onlayn piramidası olan “TOST” platforması barəsində əməliyyat-texniki tədbir həyata keçirilib.

Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, nəticədə piramidaya başçılıq edən şəxslərdən biri 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.

DİN-in məlumatına görə, müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov “TOST”a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər.

"Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin “TOST”dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib. Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub", - məlumatda deyilir.

Bildirilib ki, müxtəlif üsullarla “TOST”a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Qeyd olunub ki, həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb. N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər