15 May 2014 11:40
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də axşam Kiyevdə silahlı basqına məruz qalaraq güllələnən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevin həyatına təhlükə yoxdur.

Teleqraf.com-a açıqlama verən diaspora rəhbəri bildirib ki, çiyninin sümüyü sınıb: “Güllə çiynimdən dəydiyindən sümüyüm paralanıb. Bir görüşdə idim, oradan çıxanda gördüm ki, bizimlə üzbəüz maşının pəncərəsi açıldı, içərisində dörd nəfər vardı. Tapança mənə tuşlanmışdı, ucunda səsboğucu vardı. Mən tapançanı görən kimi dərhal sola getdim ki, mənə güllə dəyməsin. Birinci güllə çiynimə dəydi, tez qaçdım, 3 dəfə atəş açdılar. İkinci güllə şüşəyə dəymişdi, üçüncü güllə yanımda olan adamın ayağının arasından keçdi, ona dəymədi. Tez reaksiya verdiyimə görə sağ qaldım. Allah üzümüzə baxdı”.
R.Tağıyevin konkret heç kəsdən şübhələnmədiyini söylədi:

“Dəqiq deyə bilmərəm ki, bu təhlükə hardan gələ bilər. Çünki mənim biznes fəaliyyətim elədir ki, inşaatla məşğulam, torpağı da adıma alıram, binanı da öz adıma tikirəm. Heç kəslə şərikliyim də yoxdur ki, deyim təhlükə hardan gələ bilər. Amma Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri kimi ictimai işlərimdə son zamanlar fəallaşmışam. Ukrayna ictimaiyyəti və siyasi dairələrinə Ukraynın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tərəfdarlığımızı açıq şəkildə bəyan etmişik. Artıq heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları, təhlükəsizlik xidməti, Daxili İşlər Nazirliyi proseslə məşğuldurlar”.

Qeyd edək ki, R.tağıyev dünən Ukrayna vaxtı ilə axşam saat 17:00 radələrində naməlum şəxslər tərəfindən Kiyevin mərkəzi Padol rayonunda güllələnib.

Nərgiz


Müəllif: