15 May 2014 18:08
936

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti qurultay keçirmək üçün uyğun yer istəyən Müsavat Partiyasının müraciətini bu gün cavablandırıb. Partiya öz növbəsində BŞİH-in cavab məktubuna dair bəyanatla çıxış edib.

Müsavatın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda qeyd olunur ki, partiya qurultay keçirmək üçün BŞİH-ə 5-ci dəfə müraciət edərək, partiyaya 800-1000 nəfərin yerləşə biləcəyi zal ayrımağı xahiş edib.

"Bu gün - 15 may 2014-cü il tarixində, - müraciətin göndərilməsindən 3 ay keçəndən, konstitusiya qanunu ilə müəyyən edilmiş 16 günlük, ən geci bir aylıq müddət pozulduqdan və bu qanun pozuntusuna görə Müsavat Partiyası tərəfindən məhkəməyə müraciət edildikdən sonra, nəhayət Bakı şəhər İcra Hakimyyətindən müraciətə cavab verilib. Təqdim olunan cavab məktubunda Müsavat Partiyasına qurultay keçirmək üçün dəfələrlə yer ayrılsa da, partiyanın bu yerlərdən imtina etməsi bildirilir və Əmircan qəsəbəsində yerləşən 1000 nəfərlik tutumu olan Səttar Bəhlulzadə adına Mədəniyyət evini qurultay keçirmək üçün məqəsəduyğun hesab etdiyini və bu məsələnin Mədəniyyət evinin rəhbərliyi ilə razılaşdırılmasının vacib olduğu bildirilir.

Müsavat Patiyası Bakı şəhər İcra Hakimiyyətinin məktubunda göstərilən fikirlərin yalan və partiyaya yönələn böhtan olduğunu bəyan edərək bildirir ki, dəfələrlə müraciət etsək də, qurultay üçün Bakı şəhər İcra Hakimiyyətinin partiyaya qurultay keçirmək üçün ayırdığı yerlərin heç birinin tutumu bizim müraciətlərimizdə göstərilən saya uyğun olmadığından partiya təklif olunan yerlərdən imtina edib. Bundan əvvəl təklif olunan yerlərdən biri də məhz Səttar Bəhlulzadə adına Mədəniyyət evi olub ki, onun da tutumu haqqında Suraxanı rayon İcra Hakimiyyətinin rəsmi intetnet səhifəsindəki məlumatda 620 yer olduğu bildirilir. Bu fakt adı çəkilən Mədəniyyət evində yerlərin sayının 1000 nəfərlik olması haqqında Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinin yazdığı məlumatın yalan olduğunu və ictimaiyyəti çaşdırmağa yönəldiyini təsdiqləyir.

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin partiyanın müraciətinə cavabını gecikdirməsini ölkədə qəbul olunan və fəaliyyətdə olan qanunlara hörmətsizlik və partiya qurultayının keçirilməsinə maneçilik yaratmaq olduğunu bəyan edir".

Ayxan


Müəllif: