20 Fevral 2015 18:08
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda soydaşlarımızla görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfir Azər Hüseyn, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Gürcüstan baş nazirinin müşaviri Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak edib.

E.Məmmədyarov Azərbaycan dövlətinin, xüsusilə prezident İlham Əliyevin xarici ölkələrdə yaşayan soydaşlarımıza, eləcə də Gürcüstandakı azərbaycanlılara daim diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın dövlət və hökumət rəsmilərinin tez-tez Gürcüstana səfər etmələri, belə görüşlərin təşkili bunun əyani sübutudur.

Nazir Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP və digər layihələrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu layihələr Azərbaycanda və Gürcüstanda yaşayan xalqların sosial-iqtisadi, mədəni inkişafına təkan verəcək.

Görüşdə iştirak edən soydaşlarımız Azərbaycan dilində mükəmməl bilən kadrların hazırlanmasından, təhsil müəssisələrinin Azərbaycan dilində dərsliklərlə təmin olunmasından, səhiyyə, kənd təsərrüfatı və s. sahələrdə mövcud olan problemlərdən danışıblar.

Mahir Məmmədov məlumat verib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi fəaliyyətə başladığı 2006-cı ildən bu günədək azərbaycanlıların işsizlik, təhsil və digər problemlərini daim diqqət mərkəzində saxlayıb. Bu gün SOCAR-ın Gürcüstan nümayəndəliyinin müəssisələrində çalışanların 700-dən çoxu azərbaycanlılardır və onların da 218 nəfəri mühəndis və texniki işçilərdilər. SOCAR-ın maliyyə dəstəyi hesabına Gürcüstanın nüfuzlu ali təhsil ocaqlarında 1650 tələbə təhsil alır. Nümayəndəlik soydaşlarımızla bağlı yeni layihələr üzərində çalışır.

Bildirilib ki, bu ölkədə yaşayan soydaşlarımızın kənd təsərrüfatı sahəsindəki problemlərinin həllinə kömək məqsədilə regionda böyük soyuducu anbar tikilir.

Sonra komitə sədri Ramiz Həsənov, səfir Azər Hüseyn soydaşlarımızın qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

E.Məmmədyarov bu məsələlərin bir daha nəzərdən keçiriləcəyini və öz həllini tapacağını bildirib.
Marneulidə yaşayan azərbaycanlılar prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, bu cür səfərlərin və görüşlərin əhəmiyyətini qeyd ediblər.

Səxavət


Müəllif: