16 May 2014 10:52
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Abdullayev: "Ermənistanın beynəlxalq hüquqa hörmətsizliyinə son qoyulmalıdır"

Elman Nəsirli: Azərbaycan illüziyalara deyil, real faktlara və arqumentlərə söykənir"

Zərdüşt Əlizadə: "Həmsədrlər peşəkar diplomatlardır, çox yaxşı maaş alırlar, işləri də əsla ağır deyil"

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu gün regiona növbəti səfəri başlayır. Bu barədə özünün "Tvitter" səhifəsində qrupun amerikalı həmsədri Ceyms Uorlik yazıb. C.Uorlik qeyd edib ki, onlar səfər çərçivəsində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər və Laçın rayonlarına baş çəkməyi də planlaşdırırlar. Həmsədrlər Bakıya mayın 19-da gələcəklər.

Niyə məhz Kəlbəcər və Laçına?

Qeyd edək ki, Suriyada 3 ildən artıqdır davam edən qanlı olaylar səbəbindən bu ölkəni xeyli sayda insan tərk edib. Ölkədən qaçqın düşənlər arasında Suriyanın yerli əhalisi hesab olunan ermənilər də var. Ermənilər təbii ki, ilk növbədə Ermənistana pənah gətirirlər. Ermənistan rəhbərliyi isə Suriyadan qaçqın düşən erməniləri Dağlıq Qarabağda və işğal olunmuş digər Azərbaycan ərazilərində yerləşdirməyə üstünlük verir. Bununla da rəsmi İrəvan Ermənistanda yaşanan demoqrafik fəlakətin qarşısını almağa çalışır. Halbuki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı Ermənistanın özünün də qoşulduğu beynəlxalq konvensiyalar qadağan edir. Təcavüzkar ölkənin bu addımı rəsmi Bakının etirazına səbəb olub. Azərbaycan bu məsələni vaxtaşırı olaraq beynəlxalq təşkilatlar qarşısında qaldırıb.

Nazirin ATƏT-ə məktubunda nə yazılıb?

Sonuncu dəfə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədrinə bu məsələ ilə bağlı rəsmi məktub ünvanlayıb. Mayın 7-də honduraslı həmkarı ilə keçirdiyi mətbuat konfransında bu barədə jurnalistlərə məlumat verən E.Məmmədyarov deyib ki, həmsədrlər səfər zamanı işğal olunmuş ərazilərə Suriyadan köçmüş ermənilərin yerləşdirilməsi məsələsini araşdıracaqlar: "Həmsədrlər Ermənistana, işğal altındakı Dağlıq Qarabağa və Azərbaycana səfər edəcəklər. Onlar Dağlıq Qarabağdakı vəziyyətlə tanış olmaq istəyirlər. Bilirsiniz ki, Suriyadakı xoşagəlməz hadisələrə görə oradakı bəzi ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşıblar. Mən ATƏT sədrinə bununla bağlı rəsmi məktub ünvanladım və xahiş etdim ki, faktaraşdırıcı missiya bu məsələni araşdırmaq üçün Qarabağa səfər etsin. Həmsədrlərin Ermənistan və Dağlıq Qarabağa budəfəki səfəri suriyalı ermənilərlə bağlı yayılan həmin xoşagəlməz məlumatları araşdırmaq məqsədi daşıyacaq".

"Həmsədrlərdən adekvat reaksiya gözləyirik"

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev da qəzetimizə açıqlamasında bildirib ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma ilə bağlı Azərbaycan dəfələrlə beynəlxalq qurumlara, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib. O qeyd edib ki, Azərbaycan müraciətində məsələnin araşdırılmasına çağırıb: "Qeyri-qanuni məskunlaşma siyasəti birmənalı şəkildə rəsmi Yerevanın təxribatı kimi qiymətləndirilir. Çünki Dağlıq Qarabağ və işğal olunmuş ərazilər Azərbaycanın torpaqlarıdır, Azərbaycan xalqına məxsus torpaqlardır. Azərbaycan Respublikasının ayrılmaz parçası, hissəsidir. Ona görə də burada hansısa bir siyasət yalnız və yalnız Azərbaycanın razılığı ilə yürüdülə, istənilən bir addım Azərbaycanın razılığı ilə atıla bilər. Hal-hazırda aparılan bu məskunlaşma qeyri-qanunidir və beynəlxalq ictimaiyyət buna adekvat reaksiya göstərməlidir. Təbii ki, biz də həmsədrlərdən buna lazım olan müvafiq mövqenin göstərilməsini istəyirik. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik siyasətinə son qoyulmalıdır. Bunu da təbii ki, beynəlxalq ictimaiyyət edə bilər. Beynəlxalq ictimaiyyət birmənalı şəkildə öz mövqeyini ortaya qoymalı, təxribatlardan əl çəkməyə və sülhə məcbur etməlidir".

"Həmsədrlərin Laçın və Kəlbəcərə səfər etmələri yeni hadisədir"

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli isə həmsədrlərin bu dəfəki səfərinin əvvəlkilərdən bəzi məqamlar baxımından seçildiyini deyib. Onun sözlərinə görə, həmsədrlərin regiona səfər edərkən niyyətləri ondan ibarət olub ki, bu səfərlərin nəticəsi olaraq əvvəlcə xarici işlər nazirləri, sonra isə prezidentlər səviyyəsində görüş keçirilsin: "Həmsədrlər hər zaman qeyd edirlər ki, prezidentlər səviyyəsində aparılan danışıqlar həlledici danışıqlardır və yalnız bu danışıqlarla nəyəsə nail olmaq mümkündür. Amma bu dəfəki səfər eyni zamanda bir özəlliyə malikdir. Bu da ondan ibarətdir ki, həmsədrlər bu dəfəki səfər zamanı Dağlıq Qarabağda - Xankəndidə də olacaqlar. Eyni zamanda diqqəti cəlb edən məqam ondan ibarətdir ki, həmsədrlər bu dəfəki səfər zamanı xüsusi olaraq Kəlbəcər və Laçında olacaqlarını da bildiriblər. Onların xüsusi olaraq Laçın və Kəlbəcəri seçmələri də təsadüfi deyil. Bu məsələdə təşəbbüskar qismində Azərbaycan çıxış edib. Azərbaycan tərəfinin istəyi ilə həmsədrlər sözügedən rayonlarda da olacaqlar. Səbəb isə onunla bağlıdır ki, Ermənistan tərəfi Suriyadakı məlum hadisələrlə bağlı oradakı erməni mənşəli qaçqınların Kəlbəcərdə, Laçında və digər rayonlarda yerləşdirilməsi aksiyasını həyata keçirib. Azərbaycan tərəfi də bəyan edir ki, bu, qeyri-qanuni məskunlaşma siyasətidir, beynəlxalq hüquq prinsiplərinə və ATƏT-in əlində əsas tutduğu prinsiplərə tamamilə ziddir. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupu bir neçə dəfə faktaraşdırıcı missiya təşkil edib regiona göndərib. Bu dəfə də həmsədrlər Laçın və Kəlbəcərdə olaraq Azərbaycanın qaldırdığı bu məsələnin nə dərəcədə dəqiq olub-olmadığına aydınlıq gətirməlidirlər. Amma Azərbaycan tərəfi istənilən halda bu və digər mövqeni ortaya qoyarkən illüziyalara deyil, real faktlara və arqumentlərə söykənir. Hesab edirəm ki, həmsədrlərin Bakı, Yerevan və Xankəndi ilə yanaşı, Laçın və Kəlbəcərə səfər etmələri yeni hadisədir. Bu hadisə Ermənistanın işğalçılıq siyasətinin növbəti məqamlarını, yeni-yeni tərəflərini üzə çıxarmaq baxımından vacib məsələdir".

E.Nəsirlinin sözlərinə görə, Ermənistan danışıqlar prosesində gərginlik yaratmaq üçün həmişə bu cür süni məsələləri gündəmə gətirməyə çalışır: "İndi də Ermənistan qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməklə danışıqlar prosesini pozmağa çalışır. Onlar bilirlər ki, qeyri-qanuni məskunlaşma Azərbaycanda mənfi reaksiya ilə qarşılaşacaq, bunun nəticəsi olaraq danışıqlar prosesi pozulacaq və növbəti dövr üçün pauza əmələ gələcək. Ermənilər bunu strateji pauza hesab edirlər. O pauza da nəticə etibarilə status-kvo vəziyyətinin qorunub saxlanılması mənafeyinə xidmət göstərəcək. Bu, acı reallıqdır. Azərbaycan tərəfinin də mövqeyi ondan ibarətdir ki, qoy həmsədrlər bu reallığı öz gözləri ilə görsünlər və bundan çıxış edərək müvafiq addımlar atsınlar".

"Aparılacaq araşdırmanın heç bir faydası olmayacaq"

Politoloq Zərdüşt Əlizadə həmsədrlərin budəfəki səfərindən də heç bir gözləntisinin olmadığını deyib: "Fərz edək ki, həmsədrlər gördülər ki, Laçında, Kəlbəcərdə, yaxud Zəngilanda, Cəbrayılda, Füzulidə Suriyadan gələn 5-10 erməni ailəsini yerləşdiriblər. Sonra nə olacaq? Yəni, həmsədrlər hansı təşkilata müraciət edəcəklər, kimə məlumat verəcəklər? Minsk qrupu ATƏT-indir, düzdür?! ATƏT-də də bütün qərarlar konsensus yolu ilə qəbul olunur. Həm Ermənistan, həm də Rusiya bu təşkilatın üzvləridir. Ermənistan və Rusiya imkan verərmi ki, ATƏT Ermənistanı hətta qınayan bir qərar çıxarsın? ATƏT-dən qat-qat səlahiyyətli təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vuran Ermənistan ATƏT-in hansısa bir yanaşmasını nəzərə alarmı? Əsla almaz. Odur ki, həmsədrlərin budəfəki səfəri, onların Laçın və Kəlbəcərdə araşdırma aparması mənasız bir işdir. Həmsədrlər sadəcə, fəallıq görüntüsü yaradırlar. Minsk Qrupunun həmsədrləri peşəkar diplomatlardır, çox yaxşı maaş alırlar. Üstəlik, işləri əsla ağır deyil. Sadəcə öz mövcudluqlarını hiss etdirmək üçün fəaliyyət görüntüsü yaradırlar. Bunların sırasına da o cümlədən vaxtaşırı bölgəyə səfər etmək, görüşmək, danışmaq, bəyanatlar vermək, təkliflər irəli sürmək və sair addımlar atmaq daxildir. Qarabağ münaqişəsinin həllini isə Azərbaycan və Ermənistan xalqları və hökumətləri həyata keçirə bilər".

Səxavət HƏMİD


Müəllif: