3 Mart 2015 06:49
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvinski (Polşa) ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov T. İvinskini Azərbaycan üzrə məruzəçi seçilməsi münasibəti ilə təbrik edib, ona bu çətin və məsuliyyətli dönəmdə uğurlar arzulayıb.

Qeyd olunub ki, Avropa Şurası ilə əməkdaşlığın inkişafında maraqlı olan Azərbaycan təşkilat qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Sonra S. Seyidov ölkəmizdə müşahidə olunan siyasi sabitlikdən, iqtisadi inkişafından söz açıb, qonaqlara Dağlıq Qarabağ münaqişəsi prosesindəki mövcud durum barədə ətraflı məlumat verib.


T. İvinski isə səfər proqramı çərçivəsində keçirdikləri görüşlərin əhəmiyyətindən danışıb. O, Azərbaycanın Avropa Şurasındakı fəaliyyətini yüksək dəyərləndirib. Qonaq bu ilin iyun ayında Azərbaycanla əlaqədar hazırlanacaq məruzə ilə bağlı fikirlərini bölüşüb.

AŞPA həmməruzəçilərini həmçinin Milli Məclisin sədri Oqtay Əsədov da qəbul edib.

Görüş zamanı parlament sədri Azərbaycanın AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanın qanunvericilik orqanı təşkilatın qurumları ilə sıx əlaqə saxlayır və gələcəkdə də faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir.

O. Əsədov qeyd edib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə qurumun məqsədlərinin təşviqində, gündəlik aktual məsələlərin həllində səylərini əsirgəməyib: “Biz təşkilat qarşısında götürdüyümüz öhdəliklərə həmişə böyük məsuliyyətlə yanaşmışıq, qurumun konvensiyalarının əhəmiyyətli bir hissəsini imzalayaraq ratifikasiya etmişik. Bu sahədə işlər məqsədyönlü şəkildə davam etdirilməkdədir”.


Söhbət zamanı spiker AŞPA-nın təcrübəli deputatlarından sayılan T. İvinskinin ölkəmiz üzrə həmməruzəçi təyin olunmasını müsbət dəyərləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan tərəfi AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə onları maraqlandıran istənilən məsələləri müzakirə etməyə hazırdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi P. Aqramunt ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, həmməruzəçi kimi o, yeni hesabat üzərində işi davam etdirir. Qonağın təmsil etdiyi qurum müstəqil Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir və gələcəkdə də bu fəaliyyəti davam etdirmək niyyətindədir.

P. Aqramuntla T. İvinski bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə də görüşüblər.

Görüşdə P. Aqramunt AŞPA Monitorinq Komitəsinin nümayəndə heyətini təqdim edib. Bildirib ki, bu ilin iyun ayında özünün həmməruzəçilik müddəti başa çatır. Sonra T. İvinski Milli Məclisin komitə sədrlərinə çatdırmaq istədikləri fikirləri bölüşüb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, insan hüquqlarına dair qanunverici bazanın zənginləşdirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən söhbət açılıb.


Ə. Hüseynli və R. Aslanova AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini maraqlandıran suallara aydınlıq gətiriblər.


Müəllif:

Oxşar xəbərlər