Partiya Milli Şura ilə rəqabətə girdi
AzDP rəsmisi: “Artıq Müsavat Partiyası Beyləqan rayon təşkilatı mövcud deyil”
Milli Şura uzun fasilədən sonra martın 15-də mitinq keçirmək haqda qərar verib. Qurumun üzvü Oqtay Gülalıyev bildirib ki, şura Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və aksiya üçün İnşaatçılar metrosunun yaxınlığında yerləşən Məhsul stadionunun ayrılmasını istəyib. Əgər aksiyaya icazə verilsə, Milli Şura elan etdiyi tarixdə mitinqini keçirəcək.
Qeyd edək ki, son illər müxalifətin mitinqinə insanlar meyil göstərmirlər. Bu, elə Milli Şuranın son aksiyaları zamanı da özünü büruzə verib.
Bu arada əldə etdiyimiz informasiyaya görə, Milli Şuranın mitinqlə bağlı verdiyi qərar Müsavat Partiyasını yerindən oynadıb. Qeyri-rəsmi məlumatlara görə, Müsavat Divanının dünən keçirilən iclasında mitinqlə bağlı məsələ müzakirə edilib, lakin bunun ictimaiyyətə açıqlanması məqsədəuyğun hesab olunmayıb. Mənbə isə deyir ki, son 20 ildə bir-birinə rəqib kimi baxan AXCP və Müsavat arasında indi də mitinq yarışı başlayıb. Mənbənin sözlərinə görə, Milli Şuranın mitinq qərarından dərhal sonra Müsavat Partiyası da mitinq keçirmək istiqamətində müzakirələrə başlayıb və belə qərara gəlib ki, mart ayı üçün aksiya təşkil edilsin. Ancaq bu məsələ ilk olaraq partiyanın rayon şöbələrinin sədrləri ilə müzakirə ediləcək və real durum öyrəniləndən sonra qəti qərar veriləcək. Çünki Müsavatın qurultayından sonra keçirdiyi ilk mitinq gözlənildiyi kimi alınmadı və bu, partiyaya qarşı ciddi ittihamların irəli sürülməsinə səbəb oldu. Müsavatın mitinq bəhsinə girişmək istəyi partiya Məclisinin üzvü Mustafa Hacıbəylinin açıqlamasından da görünür. Qeyd edək ki, M.Hacıbəyli bildirib ki, Milli Şuranın martın 15-nə təyin elədiyi mitinqi təqdir edir. Onun sözlərinə görə, Müsavat Partiyası da bununla bağlı qərarlar verəcək.
Xatırladaq ki, bir neçə ay öncə Milli Şuranın keçirdiyi mitinqdə Müsavat Partiyasının başqanı daxil olmaqla yüzlərlə müsavatçı iştirak etdi. Bundan bir neçə gün sonra Müsavatın təşkil etdiyi mitinqdə isə Milli Şura üzvləri iştirak etmədi, əksinə, Müsavatın tədbirini qeyri-rəsmi boykot etdi. İndi görünən budur ki, müxalifətdə əbədi rəqib olan bu iki partiyanın mitinq keçirmək bəhsi davam edəcək.
CAVİDAN