16 May 2014 16:33
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üzvü Aydın Mirzəzadə deputat seçildiyi Mingəçevir şəhərinin probleminin həlli ilə əlaqədar baş nazir Artur Rəsi-zadə ilə görüşüb.

Deputat görüş barədə Teleqraf.com-a geniş danışıb. O, bildirib ki, Mingəçevir şəhərinin çox sayda sakinini narahat edən bir problemin həlli ilə bağlı baş nazirdən kömək istəyib: “Deputat seçildiyim Mingəçevir şəhərində bir problem var ki, onu şəhərdə həll etmək mümkün olmur. Bu problemdən xəbər tutdum, İcra Hakimiyyəti ilə danışdım. 2 gün əvvəl baş nazirin köməkçisinə zəng edərək ondan görüş istədim. Bu gün səhər bildirdilər ki, cənab baş nazir mənimlə saat 3-də görüşə biləcək. Mən deputat kimi öz adımdan problemlə bağlı Artur müəllimə məktub hazırladım. Artur müəllim məni çox səmimi qəbul etdi. Mingəçeviri çox yaxşı tanıdığımı, bu şəhərin müəllimləri ilə tanışlığının olduğunu bildirdi.

Qaldırdığım problemlə maraqlandı, onun həlli ilə bağlı bir-iki variant irəli sürdü. Məktubu qəbul edərək bildirdi ki, müvafiq tapşırıq verəcək və problem həll ediləcək”.

A.Mirzəzadə problemin nədən ibarət olduğunu həll olunmazdan qabaq açıqlamaq istəmir: “Fikirləşirəm ki, həll olunandan sonra bildirəcəyəm. Xasiyyətim belədir ki, məsələ həll olunanda açıqlayıram. Sosial şəbəkələrdə vaxtaşırı status yazıram. Görüş barədə Facebook-da yazmaqda məqsədim o idi ki, qoy mingəçevirlilərin seçdiyi deputat onların probleminin baş nazirə qədər qaldırılmasından xəbərdar olsunlar. Yəqin ki, problem yaxın zamanda həll olunacaq. Məsələ həll ediləndə onu nədən ibarət olduğunu açıqlayacağam”.

Deputat qeyd edib ki, A.Rəsizadənin qəbulunda birinci dəfə idi iştirak edir: “Amma parlamentdə, digər tədbirlərdə onunla görüşüm, söhbətlərim olub. Çox işgüzar, enerjili, məsələnin mahiyyəti ilə bağlı məlumatlı insandır. Mingəçevir şəhərini tanıyır, şəhərlə bağlı layihələrdən də söhbət açdı. Artur müəllimdə öz işinə qarşı məsuliyyət hissini gördüm. Mən ona qəbul etdiyi üçün təşəkkür edəndə söylədi ki, bu, mənim vəzifəmdir. Şəhərinizlə, hökumətlə bağlı hər hansı məsələ olarsa, müraciət edə bilərsiniz. Əhval-ruhiyyəsi yüksək səviyyədə idi, məni üzü gülərliklə qarşıladı”.

Nərgiz


Müəllif: