ABŞ-da nəşr olunan “Tribune Review” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun müsahibəsini dərc edib.
Müəllif Salena Zito E.Süleymanovdan sitat gətirərək yazır ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi işğal olunub. Səfir deyib: “Birləşmiş Ştatlar separatizmin və ekstremizmin hər hansı formada təzahürünün pislənilməsi üzrə aydın, ardıcıl və təsirli siyasət yürütməli, beynəlxalq sərhədlərin zorakılıq yolu ilə dəyişdirilməsini rədd etməlidir”.
Onun sözlərinə görə, Azərbaycan həmişə Vaşinqtonun dostu olub və regionda sabitliyin bərpasında ABŞ-ın dəstəyinə güvənir.
Vurğulanır ki, “Amnesty International” hüquq-müdafiə təşkilatının və BMT-nin Qaçqınların İşləri üzrə Agentliyinin məlumatlarına əsasən, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində təxminən 600 min azərbaycanlı doğma evlərindən qovulub. Həmçinin qeyd edilir ki, ABŞ Konqresində Azərbaycan ilə əlaqələr üzrə işçi qrupunun Pensilvaniyadan olan həmsədri Bill Şuster ABŞ hökumətinə müraciətlə Azərbaycan kimi strateji müttəfiqlə sıx əlaqələrin əhəmiyyətini vurğulayır və bu əlaqələri gələcəkdə də dəstəkləməyə çağırır.
Səfir öz müsahibəsində bildirib ki, Azərbaycan çiçəklənən ölkə kimi, öz pullarını düşünülmüş şəkildə xərcləyir, qonşu ölkələrin də cəlb edildiyi layihələrə sərmayələr qoyur. Azərbaycan regionda Ermənistanla da tərəfdaşlıq edə bilər, bu ölkəyə də investisiya qoyuluşlarını həyata keçirə bilərdi. Lakin Ermənistan başqa yol seçməklə özünü regional layihələrdən təcrid edir və öz xalqının müstəqilliyini məhdudlaşdırır.