Qarşıdan gələn parlament seçkilərinə hazırlaşan Müsavat Partiyasında daha bir narazılıq yaranıb. Teleqraf.com-un məlumatına görə, partiya başqanı Arif Hacılının yürütdüyü siyasətə etiraz olan, partiyanın legitim orqanlarını tanımayan müsavatçılar bu dəfə deputatlığa namizədlər siyahlısından kənarda qala bilər. Məsələn, A.Hacılının komandası ciddi-cəhdlə çalışır ki, Vurğun Əyyub, Adil Qeybulla və Q.İbadoğluna dəstək verən digər müsavatçılar partiyadan namizəd olmasınlar.
Mətbuatda gedən məlumatlara görə, qalmaqala səbəb partiyanın Suraxanı rayon təşkilatının 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə Müsavat Məclisinin üzvü, ADR sədrinin birinci müavini Vurğun Əyyubun namizədliyini müdafiə etməsidir.
“Deputatlığa namizədliyimi vermək fikrindəyəm. Suraxanı rayon təşkilatı da bu addımı atarkən mənim mövqeyimi öyrəniblər”, - deyə V. Əyyub bu barədə danışarkən deyib.
Deputatlığa namizədlər arasında ADR İdarə Heyətinin üzvü, Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədlinin də adı çəkilir.
E. Məmmədli Publika.az-a açıqlamasında namizədlik məsələsinin MQB-də müzakirə edilmədiyini bildirib.
“Qadınlar arasında kimin namizəd olması məsələsi müzakirə edilməyib. Hələlik bu barədə heç nə deyə bilmərəm. Vurğun Əyyuba gəlincə, Suraxanı təşkilatının bu təşəbbüslə çıxış etdiyini bilirəm. Həmin təşkilatın bütün üzvləri o rayon üzrə namizəd kimi Vurğun bəyi görmək istədiklərini açıqlayıb”, - deyə o qeyd edib.
Teleqraf.com-un məlumatına görə, Müsavat Partiyasının rəhbərliyi bu və digər çətinlikləri nəzərə alaraq seçki hazırlığını sonraya saxlayıb. Rəhbərlik partiya daxilində bulanan suyun durulmasını gözləməkdədir. Ümid edilir ki, aprel ayına qədər gərginlik aradan qalxacaq, mövqelər aydınlaşacaq.
Amma Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mətbuata açıqlamasında Vurğun Əyyubun namizədlər siyahısında adının olmadığını deyib.
G.Aslanlı hazırda 50-yə yaxın şəxsin namizədliyinin irəli sürüldüyünü bildirib: “Yaxın günlərdə həmin siyahı partiya daxilində müzakirəyə çıxarılacaq və təsdiq olunacaq. Prosedura görə, hansısa dairədən namizəd olmaq istəyən şəxs bu haqda partiyaya məlumat verməlidir. Həmin şəxs seçki kampaniyasına azı bir ay qalmış öz istəyini rəsmi şəkildə bildirməlidir. İndiyə qədər əlimizdə olan siyahıda Vurğun Əyyubun adı yoxdur. Əgər o, namizəd olmaq istəyərsə, bu haqda partiya rəhbərliyinə əvvəlcədən məlumat verməlidir. Bu, dəyişməyən qaydadır. Əks təqdirdə, həmin şəxs Müsavatın namizədi hesab olunmur. Eyni zamanda, partiyanın rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülə bilməz”.
V. Əyyub isə mediaya açıqlamasında onun namizədliyini müdafiə edən rayon təşkilatının məsələ ilə bağlı partiyaya müraciət etdiyini bildirib.
Əldə etdiyimiz məlumata görə, əgər Müsavat Partiyası V.Əyyub və digər narazıların adlarını deputatlığa namizədlər siyashısına əlavə etməsə, partiyadan istefalar olacaq. Elə hazırkı rəhbərliyin də əsas istəyi budur, yəqin!
Ayxan