10 Mart 2015 16:37
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “apelyasiya məhkəməsi”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlaması ermənilərin növbəti təxribatıdır və heç bir hüquqi əsası yoxdur.

Bu barədə Trend-ə Milli Məclisin üzvü Elman Məmmədov deyib.

E.Məmmədov qeyd edib ki, əvvəla, bir dəstə separatçının, cinayətkarın, terrorçunun yığışıb yaratdıqları qurumun adı nədirsə, onun özü heç bir dövlət tərəfindən, beynəlxalıq təşkilat tərəfindən tanınmır: “Əgər bu qurum özü tanınmırsa, təbii ki, onun tərkibində nələr varsa - o cümlədən “məhkəmə”lər - onlar da o qurum kimi tanınmayan və heç bir hüquqi əsası olmayan cinayətkar dəstələrdir. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunub, həmin ərazilərdə Azərbaycan qanunları işləmir və bu gün Azərbaycanın onların qeyri-qanuni hərəkətlərinə təsir etmək mexanizmi yoxdur”.

Millət vəkili bildirib ki, Azərbaycanın yeganə imkanı ondan ibarətdir ki, Azərbaycan bu işlə məşğul olan və məsuliyyət daşıyan beynəlxalq təşkilatlara müraciət edib və bu müraciətlər saysız-hesabsız və ən yüksək səviyyələrdə olub: “Dünyanın ən böyük təşkilatı BMT-dir. Görün, BMT necə iyrənc cavab verir - bu qurum bizim tərəfimizdən tanınmır, ona görə də biz onlara təsir edə bilmirik. Yaxşı, bu qurum sizin tərəfinizdən tanınmırsa, Azərbaycan ki tərəfinizdən tanınır. Azərbaycan sizin üzvünüzdür və bu tanımadığınız cinayətkar qurum Azərbaycanın işğal olunmuş ərazilərində yaradılıb. Niyə bu günə qədər bu qurumun ləğv edilməsi üçün bir iş görməmisiniz? Yəni bunlar hamısı qeyri-səmimi, riyakar cavablardan başqa bir şey deyil”.

E.Məmmədov qeyd edib ki, Azərbaycan təbii ki, öz vətəndaşlarını bu cinayətkarların əlindən almaq üçün bütün vasitələrdən istifadə edəcək: “Onlar mülki vətəndaşlardır, onların heç bir günahı yoxdur, sadəcə, doğma torpaqlarına gediblər. Cinayəti törədənlər onların torpaqlarını işğal edənlərdir, onları öz yurd-yuvalarından didərgin salanlardır. Bu gün cinayətkarlar günahsız insanları ittiham edir. Ancaq bu məsələ belə qalmayacaq. Son nəticədə Azərbaycan hərbi gücündən istifadə edib torpaqlarını da, insanlarını da azad edəcək”.


Müəllif: