Müsavat partiya rəhbərliyini qeyri-legitim elan edən Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyubun namizədliyini müdafiə etməyəcək. Belə ki, Müsavat 50 seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürəcək şəxslərin siyahısını müəyyən edib. Lakin Vurğun Əyyubun adı bu siyahıda yoxdur.
V.Əyyub hələ bir neçə gün əvvəl bildirmişdi ki, dostları ona 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən namizədliyini irəli sürməyi təklif edib.
Qeyd edək ki, V.Əyyub son seçkilər zamanı da bu dairədən namizəd olub. İndi isə Müsavatın Suraxanı rayon təşkilatı bu dairədən onun namizədliyini müdafiə etdiyini ifadə edib. Hətta rayon təşkilatı bununla bağlı partiyanın rəhbər orqanlarına müraciət edib. Müraciətdən öncə isə Vurğun Əyyubun mövqeyi öyrənilib, sonuncu isə buna etiraz etməyib.
Lakin Müsavat Partiyası bu faktoru nəzərə almaq niyyətində deyil. Partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, partiya xətti ilə namizəd olmaq istəyən, öz dairəsini müəyyənləşdirən şəxs bununla bağlı Müsavatın rəsmi strukturlarına müraciət etməli və niyyətini açıqlamalıdır. O, bu günə qədər V.Əyyubun belə bir müraciət etmədiyini bildirib. Bununla da qeyri-rəsmi bildirilib ki, əgər V.Əyyub bu dairədən namizəd olmaq niyyətindədirsə, partiyaya müraciət etməli, yəni legitimliyini tanımadığı rəhbərliyi tanımalıdır. Ancaq V.Əyyub belə bir niyyətdə olmadığını bəyan edib.
Məclis müzakirəyə çıxaracaq
Əldə etdiyimiz xəbərə görə, martın sonlarında Müsavat Məclisinin növbəti toplantısı keçiriləcək. Müsavat rəhbərliyi toplantıda Vurğun Əyyubun məsələsini müzakirə edəcək və onu Məclis üzvlüyündən çıxaracaq. Başqan müavini Elman Fəttah deyib ki, Məclisin legitimliyinə şübhə edən birinin orada təmsil olunması doğru deyil.
Görünən budur ki, Müsavat Partiyasının rəhbərliyi yenidən cəza tədbirlərinə əl atmaq niyyətindədir. Artıq son qurultaydan narazı qalanlardan biri Tural Abbaslı da təşkilatın Mərkəzi Nəzarət Təftiş Komissiyasına dəvət edilib. T.Abbaslının partiya daxilində fraksiya yaratmaqla bağlı çıxışları və rəhbərlikdən narazı olmasını hər yerdə dilə gətirməsi xoş qarşılanmır.
Müsavatçı xanımlar ayrı-ayrı ünvanlarda təbrik edilib
Qeyd edək ki, Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə partiya qərargahında bir qrup xanımı təbrik edib. Bununla paralel olaraq ADR Hərəkatının ofisində əsasən müsavatçı xanımlardan ibarət üzvlər toplantı keçiriblər, eləcə də, ADR Hərəkatının rəhbərliyi adından təbrik etmə mərasimi baş tutub. Artıq partiyanın qadın üzvlərinin iki hissəyə bölündüyü reallıqdır.
Son günlər isə partiya rayonlarda zona müşavirələri keçirməyə başlayıb. Məqsəd müsavatçıların daha sıx təmasına nail olmaq, ADR Hərəkatının bu baza əsasında yeni təşkilatlar yaratmasının qarşısını almaqdır. Son 3-4 gündə partiya rəhbərliyi bir neçə rayonda səfərdə olub. ADR Hərəkatının yaxın 1 ay üçün 20 rayon təşkilatını yaratmaq niyyətində olması haqqında bəyanatından sonra Müsavat rəhbərliyinin təşvişə düşdüyü aydın olur.
CAVİDAN