18 Mart 2015 15:23
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın martın 15-də keçirilən mitinqini şərh edib.

"O qədər adamı təkbaşına çıxararam"

Onun fikrincə, Milli Şura mitinq keçirməklə özünü Azərbaycanda ən güclü müxalifət qüvvəsi kimi təqdim etmək istəyir: "Bu qurum ölkədə yaranan vəziyyətdən yararlanaraq bu cür mitinqlərlə xaricdəki qüvvələrə özlərini aparıcı müxalif qüvvə kimi göstərməyə çalışırlar. Heç kəs mitinq keçirmir deyə, düşünürlər ki, lap 10 nəfər də gəlsə, hamıya bəyan edəcəyik ki, biz mitinq keçirdik. Nümayişkaranə şəkildə də deyirlər. Şəxsən biz mitinq keçirməklə bağlı qərar qəbul etsək, Milli Şuranın çıxardığı qədər adamı biz də meydana toplaya bilərik. Çünki çox ciddi mitinq təcrübəmiz var. Özüm 10 il bununla məşğul olmuşam. Elə o qədər adamı təkbaşına çıxararam. Sadəcə olaraq, mitinqlər problemlərin həllində yetərsizdir. Milli Şura isə bundan öz siyasi məqsədləri üçün istifadə edir".

"Müxalifət onun əlinə silah verən qüvvələrin hansı məqsəd daşıdığını bilməlidir"

S.Cəlaloğlu qeyd edib ki, sözügedən mitinqi xalqın iradəsi kimi dəyərləndirmək doğru olmaz: "Sosialist ideologiyasının təsirində o qədər qalmışıq ki, inqilablar beynimizdədir. Düşünürlər ki, insanları küçəyə çıxarmaqla nəyəsə nail olmaq olar. Amma bu, tamamilə yanlış düşüncədir. Müasir dünyada baş verənlərdən görürük ki, xalqların bir çox hallarda öz maraqlarını qorumaq naminə atdığı addımlar onları daha ağır şərtlərə salır. Suriya, İraq, Ukrayna və başqa bu kimi dövlətlərdə müxalifətin apardığı siyasi mübarizə nəticəsində ölkələrin nə vəziyyətə düşdüyünün şahidiyik. Müxalifətin hər atdığı addım xalqın xeyrinə deyil. Müxalifət düzgün qərar verməyəndə, beynəlxalq konyukturanı, güclər nisbətini nəzərə almayanda, öz istəkləri və imkanları arasındakı əlaqəni düzgün müəyyənləşdirə bilməyəndə verdiyi istənilən qərarla xalqa ziyan vurur. Hüquqda bu, 2 cür cinayət hesab edilir: biri artıq hərəkətlilik, digəri hərəkətsizlik olanda. Belə vəziyyətlərdə müxalifətin artıq hərəkətliliyi cinayət xarakteri daşıyır. Mən Suriya müxalifətinin liderinin birinin çıxışına qulaq asdım, dedi ağlımıza gəlməzdi ki, xalqın azadlığı uğrunda küçələrə çıxaq, qısa müddətdən sonra Suriyanı Əfqanıstandan betər vəziyyətə salaq. Mən qəlbən o liderə sual verdim: əgər bilmirdinsə, aparacağın mübarizə Suriyanı Əfqanıstana çevirəcək, onda nə üçün xaricdən silah, maliyyə dəstəyi aldın? Axı insan gərək bilə ki, onun əlinə silah verən bunu nə məqsədlə verir, dost, yoxsa düşmən kimi? Ondan sonra silahı qəbul edib mübarizə aparmaq mümkündür. Bu baxımdan Azərbaycan müxalifəti də indiki beynəlxalq konyukturada mütləq onun əlinə silah verən, dəstəkləyən qüvvələrin hansı məqsəd daşıdığını bilməlidir".

"Hökumət düz addım atsa da, atmasa da ancaq onu tənqid etməliyik?"

S.Cəlaloğlu hesab edir ki, iqtidarla dialoq yolu ilə problemlərin həllinə nail olmaq mümkündür: "Qiymətlərə nəzarətlə bağlı müxalif partiyalar bəyanat verib hökumətdən tələb etmişdi ki, qiymətlərin qaldırılmasının qarşısını alsın. Hökumət faktiki olaraq bu dəqiqə onu edir. Yaxşı, niyə hökumətdən narazı olasan ki? Hökumət düz addım atsa da, atmasa da ancaq onu tənqid etməliyik? Eyni zamanda, təkliflərin də olmalıdır ki, mən bu durumda nə edərdim. Mitinqdə çıxışçılar arasında bir iqtisadçı belə yox idi".

"Bu mitinqlərin daxili auditoriyaya mesaj gücü yoxdur"

ADP sədri hesab edir ki, bu səviyyədəki mitinqlər nəinki beynəlxalq aləmə, heç ölkəyə mesaj vermək gücündə deyil: "Mitinqə 100-150 min adam çıxarsa, buna reaksiya verilə bilər. Hətta 10 min nəfərin küçəyə çıxmasına reaksiya göstərilmir. Çünki dünyada kiçik və orta çaplı milyonlarla mitinqlər və yürüşlər olur. 10 milyon əhalisi olan ölkədə 2 min nəfər mitinqdə çıxırsa, kim inanar ki, yaranmış vəziyyət əhalinin böyük əksəriyyətini narahat edir. Azərbaycan xalqı kütləvi aksiyalara meyl etmir. Ona görə də bu mitinqlərin daxili auditoriyaya mesaj gücü yoxdur".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər