Qabil Hüseynli: "Azərbaycanın haqq işinin qorunmasında onun böyük rolu olub"
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu ilin sonunadək Azərbaycana səfər edəcək. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev məlumat verib. Diplomat deyib ki, Bakıya səfər zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivləri müzakirə olunacaq.
Qazaxıstan prezidentinin gözlənilən səfərinə və onun son vaxtlar ümumtürk birliyinin baş tutması istiqamətindəki fəaliyyətinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, N.Nazarbayev 1989-cu ildən Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, sonra isə ölkənin prezidenti olub. Onun sözlərinə görə, ötən bu müddət, Nazarbayevin yürütdüyü siyasət onun kifayət qədər təcrübəli, qazax millətini sevən, eyni zamanda Qazaxıstanın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün maksimum qüvvə sərf edən bir şəxs olduğunu sübut edib: "Bu gün Qazaxıstan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməkdədir. Əhalinin orta gəlir səviyyəsinə, insanların rifah səviyyəsinə görə, Qazaxıstan yavaş-yavaş Avropa ölkələrinə yaxınlaşmaqdadır. Bu nöqteyi-nəzərdən Nursultan Nazarbayevin yürütdüyü siyasəti çox praqmatik və uzaqgörən siyasət kimi dəyərləndirmək lazımdır. Məhz onun yürütdüyü bu siyasət nəticəsində Qazaxıstanın paytaxtı Alma-Ata şəhərindən Astanaya köçürüldü. Ölkədə demoqrafik vəziyyət qazaxların xeyrinə kəskin surətdə dəyişdi".
Q.Hüseynli qeyd edib ki, N.Nazarbayevin rəhbərliyi ilə Qazaxıstan türk dünyasının birliyi üçün də böyük qüvvə sərf edib: "Məsələn, Qazaxıstan Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında böyük rol oynayıb. Azərbaycanın haqq işinin Avrasiya İqtisadi Birliyində qorunmasında da böyük rol oynayıb. Yəni, Nursultan Nazarbayev türk dünyasını və Azərbaycanı sevən, hörmətə layiq bir insandır. Bu nöqteyi-nəzərdən mən onu türk dünyasının böyük siyasi xadimlərindən, böyük siyasi simalarından biri kimi dəyərləndirirəm. İnanıram ki, İlham Əliyev cənabları ilə birlikdə onlar türk dünyasının möhkəm birliyinin yaradılması işinə böyük töhfə verəcəklər".
Qazaxıstan prezidentinin Azərbaycana gözlənilən səfəri barədə danışan Q.Hüseynli onun ölkəmizə bir neçə dəfə səfər etdiyini, növbəti səfərin daha ciddi səfər olacağını deyib: "Bu səfərdə türk dövlətlərinin birliyi ilə yanaşı həm də Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlər də gündəmə gələcək. Digər tərəfdən Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu nöqteyi-nəzərdən Nazarbayevin səfəri zamanı bir çox məsələlər müzakirə oluna bilər. Amma bu məsələlərin Qarabağa aid olan hissəsində yəqin ki, Nursultan Abişeviç Azərbaycanı başa düşəcək və Azərbaycanın şərtlərini Putinə çatdıra biləcək".
Səxavət HƏMİD