19 Mart 2015 14:05
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyavuş Novruzov: “Seçki kampaniyasına təxminən bir ay qalmış namizədlərimiz müəyyən olunacaq”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu ilin noyabrında keçiriləcək parlament seçkiləri haqqında danışıb.

YAP funksioneri bildirib ki, təmsil etdiyi partiya artıq parlament seçkilərinə hazırlıq startını verib.

Onun sözlərinə görə, YAP-ın parlament seçkiləri ilə əlaqədar müvafiq proqramı var: “YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq seçkilərlə bağlı hazırlıq işlərinə başlamışıq. Bilirsiniz ki, bu yaxınlarda partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Həmin müşavirədə seçki məsələləri geniş müzakirə edildi və yerli strukturlara müvafiq tövsiyə və tapşırıqlar verildi. YAP-ın seçki təcrübəsi böyükdür. Demək olar ki, prezident, bələdiyyə və parlament seçkiləri ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə də partiyamız öz təcrübəsindən və dünya praktiktikasından bəhrələnərək özünün seçki texnologiyalarında tətbiq edir. Əvvəlki seçkilərdə əldə etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını qarşıdan gələn parlament seçkilərində tətbiq etməyi düşünürük”.

S.Novruzov qeyd edib ki, YAP seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl hazırlıq işlərinə başlayır: “Bu mənada, YAP-ın İdarə Heyətinin fevral ayında seçkiyə hazırlıqla bağlı qərarı var. Ondan sonrakı dövrdə isə partiyanın rayon və şəhər təşkilatlarının bu seçkiyə tam səfərbər olunması işlərinə başlanılıb. Biz son bələdiyyə seçkilərindən sonra hesabatlarımızı hazırladıq. Həmin hesabatlara əsasən hansı çatışmazlıqların olduğunu, hansı müsbət yeniliklərin əldə edildiyini müəyyənləşdirdik.

Bunun əsasında həmin hallarla əlaqədar müvafiq addımlar atılır. Növbəti mərhələ isə, seçki texnologiyalarını həyata keçirəcək partiya fəallarının seçilməsidir. Biz həm də, mütəmadi olaraq seçici siyahıları üzərində işləyirik. Çünki Bakının və digər regionların müxtəlif yerlərində abadlıq və yenidənqurma ilə əlaqədar, eləcə də digər səbəblərdən seçicilərin yerdəyişməsi baş verir. Yəni insanlar bir yerdən köçərək başqa yerə rəsmi qeydiyyata düşürlər. Çalışırıq ki, hər məntəqəyə YAP-ın orta hesabla üç fəalı təhkim olunsun. Artıq bu qrupların yaradılmasına başlanılıb. Həmin qruplara sonra treninq keçirəcəyik ki, onlar seçicilərlə işi hansı formada aparmağı daha yaxşı öyrənsinlər.

Növbəti hazırlıq mərhələsi isə seçki dairələrinin ərazilərinin öyrənilməsidir. Bu, nədən ibarətdir? Yəni seçki dairəsi ərazisinin xüsusiyyətləri, orada yaşayan insanların problemləri, əhalinin hadisələrə münasibəti, onları düşündürən məsələlər öyrənilir. Eyni zamanda, həmin dairələrdən namizədliyini irəli sürməyimiz nəticəsində deputat seçilən şəxsin 5 il ərzində gördüyü işlər, onun qanunvericilik fəaliyyəti, seçicilərin və partiyanın etimadını doğruldub-doğrultmaması məsələləri tədqiq olunur. Bütün bunlar tədqiq olunduqdan sonra biz sosioloji sorğular əsasında təxmini müəyyənləşdiririk ki, o şəxs yenidən həmin dairədən namizəd kimi irəli sürülsə, partiyamız burada qələbə qazana bilər, ya yox. Biz bu məsələləri təxminən iyun ayında yekunlaşdıracayıq. Seçki kampaniyasına təxminən bir ay qalmış isə artıq kimin hansı dairədən namizədliyinin irəli sürülməsi məsələsi müəyyən olunacaq. Bizdə bir çevik məqam odur ki, orada olan alternativlər də nəzərə alınacaq. Yəni elə bir dairədən elə bir namizəd gələ bilər ki, biz öz namizədimizi ona uyğun şəkildə dəyişə bilərik. Müxtəlif siyasi partiyalar, QHT təmsilçiləri və digər təbəqələrdən olan insanlar bəyan ediblər ki, bu parlament seçkilərində iştirak etmək niyyətləri var. Biz maksimum dərəcədə çalışacağıq ki, bütün seçkilərdə qələbə qazandığımız kimi qarşıdan gələn parlament seçkilərində də böyük uğur əldə edək".

YAP funksioneri əlavə edib ki, bu il ölkədə parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, hakimiyyət-müxalifət dialoqunu siyasi partiyalar, bütövlükdə cəmiyyət üçün əhəmiyyətli hesab edir:


“Müxalifətin radikal qanadı bu dialoqda iştirak etmədi. AXCP və Müsavat Partiyası bu dialoq prosesinə qoşulmamaqla heç nə qazanmır, əksinə itirirlər. Onlar ölkədə ümumi həmrəyliyin tərəfdarı deyillər, ümummilli məsələlərdə digər partiyalarla eyni mövqedən çıxış etmirlər. Sanki bu partiyaların Azərbaycana heç bir aidiyyatı yoxdur. Məhz bu cür fəaliyyətin nəticəsidir ki, onların heç bir sosial dayaqları yoxdur. Təbii ki, onların seçkilərdə uğur qazanmaq üçün heç bir imkanları yoxdur. Son prezident və bələdiyyə seçkiləri də bu reallığı təsdiqləyib. Bu mənada AXCP və Müsavat Partiyasının ölkəmizdə sosial dayaqları, elektoratı yoxdur. Ona görə də, onların parlament seçkilərində şansları sıfra bərabərdir”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər