Rövşən Dəmirli: "Mustafa Hacıbəyli cəmiyyəti çaşdırır"
Müsavat Partiyası rəhbərliyi ilə partiyanın Suraxanı rayon təşkilatı arasında qarşıdurma yaranıb. Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli bildirib ki, Suraxanı rayon təşkilatı sabotajla məşğuldur:
"Müsavatın Suraxanı rayon təşkilatının rəhbərliyi artıq 6 aydır ki, sabotajla məşğuldur, partiyanın qərarlarını icra etmir, üzvlük haqqını ödəmir. Nümayişkaranə şəkildə Sədrlər Şurasına, Məclisə qatılmırlar, partiya ilə əlaqəni tamamilə kəsiblər. Bütün bunlar partiyanın Nizamnaməsinə tamamilə ziddir. Müsavatın qərarlarını icra etməyən və Nizamnamə tələblərini yerinə yetirməyən təşkilatlar haqqında tədbirlər görülür və yəqin ki, bu məsələyə də baxılacaq. Onu da bildirmək istəyirəm ki, Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin səlahiyyət müddəti artıq keçən il başa çatıb və onlar mütləq konfrans keçirərək Nizamnamə tələbinə uyğun olaraq yeni sədr seçməlidirlər”.
İttihamlara münasibət bildirən Suraxanı rayon təşkilatının rəhbəri Rövşən Dəmirli bildirib ki, M.Hacıbəylinin partiyanın Suraxanı təşkilatı haqqında dedikləri tamamilə yanlışdır və cəmiyyəti çaşdırmağa yönəlib: "27 mart 2015-ci ildə rayon təşkilatı növbəti Şura toplantısını keçirmiş və mühüm qərarlar qəbul etmişdir.Rayon təşkilatı 30 saylı dairədən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən Xatirə Allahverdiyevanın deputatlığa namizədliyini irəli sürmüşdür. Bundan başqa konfransa hazırlıqla bağlı təşkilat komitəsi yaradılmış, Fəxrəddin Əhməd komitənin sədri seçilmişdir. Partiyanın bir çox rayon təşkilatlarından fərqli olaraq Suraxanı təşkilatı imkan daxilində Şura toplantılarını keçirib, partiyanın tapşırıqlarını yerinə yetirməyə səy göstərib. Mən özüm bəzi şəxsi problemlərimlə bağlı Sədrlər Şurasında iştirak edə bilməsəm də müavinlər bu işi icra ediblər. Üzvlük haqlarının yığılmasında təşkilat öncüllərdən olub. Sadəcə olaraq Mustafa bəyi və bəzi başqa dostlarımızı narahat edən məsələ rayon təşkilatının 2010-cu ildə Arif Hacılının namizədliyini dəstəklədiyi halda, indi Vurğun Əyyubun namizədliyi üzərində dayanmasıdır. Bəyan edirəm ki, əgər partiya öz inzibati resursları vasitəsilə buna mane olmaq istəsə də bu qərar dəyişməyəcək və rayon təşkilatının üzvləri irəli sürülən namizədləri sona qədər dəstəkləyəcəklər".
“ADR rəhbərliyinin indi başqa məqsədləri ortaya çıxıb. Belə görünür ki, onlar alternativ siyahı hazırlayıblar və cəmiyyətdə belə bir rəy yaratmaq istəyirlər ki, guya Müsavatın parlament seçkilərində iki siyahısı var. Yəni çalışırlar ki, Müsavatın bir dairədən iki namizədinin olduğunu nümayiş etdirsinlər. Biz Müsavat Partiyası olaraq buna imkan verməyəcəyik”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan Müsavat üzvlərinin fəaliyyətini şərh edərkən deyib. O bildirib ki, Müsavat Məclisinin sədri Nüşabə Sadıqlının ADR-dəki müsavatçılara müraciətini dəstəkləyir və Müsavat üzvlərinin iki yerdə təmsil olunması uzun müddət davam edə bilməz: “Ümid edirəm ki, o adamlar özlərinə hörmət qoyacaqlar. Müsavatçıların əksəriyyətinin mövqeyi Nüşabə Sadıqlının mövqeyi ilə tam üst-üstə düşür. Yəni onlar seçim etməlidirlər, ya ADR-də, ya da Müsavatda təmsil olunmalıdırlar. Bütün hallarda bu vəziyyət uzun müddət davam edə bilməz”.
M. Hacıbəyli Müsavat rəhbərliyinin ADR-də olan partiya üzvlərinin parlament seçkilərində iştirakına əngəl yaratdığı barədə fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, Müsavat Partiyasının Nizamnaməsində göstərilib ki, partiyanın parlament seçkilərindəki namizədlərinin siyahısını Məclis müəyyənləşdirir: “Məclisi tanımayan, Məclisə qatılmayan insanların həmin səsvermədə səs yığacaqları gözlənilmir. Digər tərəfdən, burada Müsavat əleyhinə fəaliyyət göz qabağındadır. Uzun müddətdir ki, Vurğun Əyyub da başda olmaqla, bir neçə nəfər müsavatçıları itaətsizliyə sürükləyir və Müsavatın daxilində alternativ strukturlar yaratmağa çalışırlar. Düşünürəm ki, onların bu fəaliyyətlərinə görə müvafiq tədbirlər görülməlidir”.
Ayxan