31 Mart 2015 13:38
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı arasında tətil günlərində də soyuqluq, qarşılıqlı ittihamlar səngimədi.

Belə ki, Müsavat Məclisinin sədri Nüşabə Sadıqlının partiya üzvlərinə çağırışı ilə növbəti mübahisələr başladı. O, Müsavat üzvlərini seçim qarşısında qoydu. Xanım siyasətçinin partiya üzvlərinə “ya ADR-i, ya da Müsavatı seçin” çağırışı qarşı tərəfin sərt təpkisinə səbəb oldu.

Vurğun Əyyubdan cavab

ADR Hərəkatının sədr müavini, Müsavat Məclisinin üzvü Vurğun Əyyub hərəkatın Müsavata alternativ yaradıldığı barədə arqumentlərini əsassız adlandırıb: “Məncə, Nüşabə Sadıqlının bu yanaşması, sadəcə, irad bildirmək xatirinədir”.

Keçmiş MNTK sədri: “Bu çağırış qanuna ziddir”

Müsavatın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) keçmiş sədri İbrahim İbrahimli isə deyib ki, bu çağırış “Siyasi partiyalar və ictimai birliklər haqqında” qanuna ziddir: “Çünki hər bir Azərbaycan vətəndaşının eyni zamanda həm siyasi partiyanın, həm də ictimai birliyin üzvü olmaq huququ var. ADR-lə Müsavatı qarşı-qarşıya qoymaq, onlardan düşmən obrazı yaratmaq kökündən yanlışdır və yaxşı heç nə vəd etmir”.

“Müsavatçılar seçim edərsə...”

Partiyadan istefa verən keçmiş başqanın müşaviri olmuş, ADR təmsilçisi Hüseyn Məlik isə bildirib: “Hesab edirəm ki, belə seçim olarsa, Müsavat Partiyasında 3-5 müsavatçı qalar. Hamı ADR-i seçər. Nə vaxtsa belə bir zərurət yaransa, Nüşabə xanım bunun şahidi olacaq”.

Gövdə göstərisi: beynəlxalq səviyyəli görüşlər

Müsavat Partiyasının başqanı Arif Hacılı başda olmaqla rəhbərlik Novruz bayramı tətilində Gürcüstanda olub. Səfər çərçivəsində Gürcüstanın hakim koalisiyasında təmsil olunan Respublikaçılar Partiyasının sədri Xatuna Samnidze ilə görüş baş tutub. Arif Hacılı qeyd edib ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətləri, Müsavatla Respublikaçılar Partiyası arasında əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Bu arada okeanın o tayından da yüksək səviyyəli görüşlər barədə xəbərlər gəlib. ADR Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-ın Azərbaycanda keçmiş səfiri, Corc Mason Universitetinin Beynəlxalq əlaqələr, hökumət və siyasət məktəbinin professoru Riçard Kozlariçlə görüşdüyünü nümayişkaranə şəkildə bəyan edib.

Adil Qeybulla Qubad İbadoğlunun müavini oldu

Bu arada ADR öz sıralarını genişləndirməkdə davam edir. Müsavatın tanınmış üzvü, professor Adil Qeybulla artıq ADR sədrinin müavinidir. O, “Startegiyalar və siyasətlər üzrə”, Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə “İnkişaf və üzvlərlə iş üzrə” ADR Hərəkatı sədrinin müavinləri təyin edilib.

Müsavatda Qadınlar Birliyi kimi bir posta rəhbərlik edən E.Məmmədlinin ADR sədrinin müavinliyinə Müsavat rəhbərliyinin sərt qərar verib-verməyəcəyini zaman göstərəcək. Amma artıq xanım müsavatçıya ismarış göndərilib.

Başqan müavini müsavatçı xanımı hədələdi

Partiya başqanı Arif Hacılının müavini Elman Fəttah müsavatçılara məxsus qapalı qrupda E.Məmmədli barədə yazıb: “Anti-müsavat fəaliyyətinə görə xəbərdarlıq almış Ellada Məmmədli bundan nəticə çıxartmayıb. Rifah deyilən təşkilatın rəhbərliyində olan şəxslər Müsavat üzvü qalmayacaqlar. Özünə hörmət edənləri istefa verəcək, digərlərinin isə müvafiq strukturlar partiyadan xaric olunmaları məsələsinə baxacaq”.

E.Məmmədli isə deyib ki, Elman Fəttah onunla bağlı səsləndirdiyi ittihamı sübuta yetirməzsə, özü müvafiq strukturlara müraciət edəcək.

Yeri gəlmişkən, ADR Hərəkatı ilə Müsavat Partiyası arasında ən çox ziddiyyətli məqam bu il keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Müsavat sıralarında olan ADR-çilər seçkilərə qatılmaq niyyətindədirlər. Müsavat rəhbərliyi isə bəyan edir ki, seçkilərdə iştirak niyyəti olan namizədlərin siyahısı Məclisin növbəti toplantısında səsvermə ilə təsdiq ediləcək. Məclis üzvlərinin böyük əksəriyyəti hazırkı Müsavat rəhbərliyinin siyasətini qəbul etdiyindən ADR-çilərin namizəd olma şansı sıfıra enməli olur. Belə ki, çoxluğun Arif Hacılının idarəçiliyini qəbul edən müsavatçıların namizədliyinə səs verəcəyi şübhəsizdir.

Vurğun Əyyub və Ellada Məmmədlinin deputatlığa namizədliyi irəli sürüldü

Lakin artıq müsavatçılar ADR Hərəkatının rəhbərliyində təmsil olunan 2 şəxsin parlament seçkilərindən namizədliyi barədə qərar verib. Müsavat Qadınlar Birliyi qurumun sədri, ADR Hərəkatının sədr müavini Ellada Məmmədlinin deputatlığa namizədliyini irəli sürüb. Birliyinin Şura iclasında 35 saylı Xətai Seçki Dairəsindən onun namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib. Namizədliyin təsdiqlənməsi üçün partiya rəhbərliyinə müraciət olunub.

ADR sədri Qubad İbadoğlunun digər müavini Vurğun Əyyubun da millət vəkilliyinə namizədliyi irəli sürülüb. Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura toplantısında belə bir qərar verilib. Onun namizədliyini 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən irəli sürüləcək. Lakin Müsavat rəhbərliyi onun namizədliyini hələlik qəbul etməyib.

“Qadınlar Birliyinin namizəd irəli sürmək səlahiyyəti yoxdur”

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı MQB sədrinin namizədliyi məsələsinə aydınlıq gətirdi. O söylədi ki, E.Məmmədlinin deputatlığa namizədliyi barədə qərar verildiyini mediadan öyrəniblər: “Parlament seçkilərində namizədlərin müəyyən edilməsi partiya olaraq rayon təşkilatlarının səlahiyyətinə verilsə də, sonda Məclis təsdiq eləməlidir. Qadınlar Birliyinin isə hansısa dairədən namizəd irəli sürməyə səlahiyyəti yoxdur. Ellada xanım öz arzusunu bildirə bilər, amma hansı dairədən namizədliyini verəcəksə, dairənin yerləşdiyi rayon təşkilatının şurasının razılığı olmalıdır və sonda bu qərarı Məclis təsdiqləməlidir”.

Arif Hacılının qardaşından Vurğun Əyyubun namizədliyinə sərt təpki

Müsavat Partiyasının Məclis üzvü, başqanın qardaşı Mustafa Hacıbəyli isə Vurğun Əyyubun namizədliyinin irəli sürülməsini sərt qarşılayıb. O deyib ki, ADR alternativ siyahı hazırlayaraq cəmiyyətdə belə bir rəy yaratmaq istəyir ki, guya Müsavatın parlament seçkilərində iki siyahısı var: “Çalışırlar ki, Müsavatın bir dairədən iki namizədinin olduğunu nümayiş etdirsinlər. Biz Müsavat Partiyası olaraq buna imkan verməyəcəyik. Müsavat Nizamnaməsində göstərilib ki, partiyanın parlament seçkilərindəki namizədlərinin siyahısını Məclis müəyyənləşdirir: ”Məclisi tanımayan, Məclisə qatılmayan insanların həmin səsvermədə səs yığacaqları gözlənilmir. Uzun müddətdir ki, Vurğun Əyyub da başda olmaqla, bir neçə nəfər müsavatçıları itaətsizliyə sürükləyir və Müsavatın daxilində alternativ strukturlar yaratmağa çalışırlar. Düşünürəm ki, onların bu fəaliyyətlərinə görə müvafiq tədbirlər görülməlidir".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər