31 Mart 2015 19:17
621

Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı keçirilib.

Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev seminarda iştirak ediblər. Tədbirdə əsas məruzə ilə Serbiya Baş nazirinin müavini, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç çıxış edib.

Plenar iclasda çıxış edən Siyavuş Novruzov təşkilatın bəzi ölkələrə münasibətdə ikili standartlardan çıxış etməsini yolverilməz hal kimi qiymətləndirib. Ukraynanın daxili işlərinə qarışması ittihamı ilə Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılmasını nümunə gətirən S.Novruzov bu cür sanksiyaların Ermənistana qarşı tətbiq olunmamasını ikili standartın bariz təzahürü kimi dəyərləndirib. Qeyd edib ki, əgər NATO və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı münasibətdə belə ikili standartlardan imtina etməsə və qarşı duran tərəflərə fərqli münasibət göstərəcəksə, o halda münaqişələrin həlli mümkün olmayacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edən deputat bu qurumun bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görmədiyini iclas iştirakçılarının nəzərinə çatdırıb. Həmsədrlərin münaqişə zonasına səfərlərini daha çox turist səfərlərinə bənzədən Milli Məclisin üzvü ATƏT-in rəhbərliyindən bu münaqişənin həlli ilə bağlı əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunmasını tələb edib.

S.Novruzov, həmçinin NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtında keçirilməsi ilə bağlı təklifə kəskin etirazını bildirib. O, başqa ölkənin ərazilərini zəbt etmiş işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçirilməsinin NATO kimi təşkilata nüfuz gətirməyəcəyini diqqətə çatdırıb. Ermənistanda əvvəllər keçirilmiş müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə ayrı-ayrı ölkələrin nümayəndələrinin rəsmi Yerevan tərəfindən təhqir edilməsindən, Moldova ombudsmanının obyektiv çıxışına görə Yerevanda həbsindən və bu günə qədər davam edən təqibindən, Kəlbəcərdə öz doğma ata-ana yurdunu ziyarət edən iki azərbaycanlı üzərində qondarma məhkəmə prosesindən və onların hələ də girovluqda saxlanmasından bəhs edən S.Novruzov toplantı iştirakçılarını növbəti Rouz-Rout seminarının Ermənistanda keçirilməsinin əleyhinə səs verməyə çağırıb.

Ayxan


Müəllif: