19 May 2014 13:59
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Partiyanın parçalanması üçün çox cəhdlər olub”

Samir Əsədli: “Biz istəyirik ki, növbəti qurultaya qədər partiyanın sədr yenidən o seçilsin”

“Partiyanın Ali Məclisi qurultayın keçirilməsi ilə bağlı qərar qəbul edib və 25 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Rayon təşkilatları da öz iclaslarını keçirəndən sonra qurultaya start veriləcək”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

Onun sözlərinə görə, qurultay rayon təşkilatlarının konfransları bitəndən bir ay sonra keçirilə biləcək: “Hələ ki rayon təşkilatları konfranslara başlamayıblar. Qurultayın keçirilməsi vaxtını dəqiq demək mümkün deyil. Çünki texniki problemlər həllini tapmalıdır. Deyək ki, rayon təşkilatlarına konfransların keçirilməsi üçün yerli icra hakimiyyətləri yer ayırmalıdırlar. Bu konfranslar bitəndən sonra qurultayın keçirilməsi bu ilin sonuna və ya gələn ilin ikinci rübündə ola bilər. Tam dəqiq vaxt 80-ə yaxın rayon təşkilatlarının konfransı bitəndən sonra bəlli olacaq”.

Sabir Rüstəmxanlının partiyanın sədrlik postundan gedib-getməyəcəyi ilə bağlı suala cavabında isə S.Əsədli bildirib ki, VHP sədri mətbuata açıqlamasında yeni sədr partiyanın gənc üzvlərindən birinin olmasını diqqətə çatdırıb:

“Ancaq bununla bərabər biz istəyirik ki, növbəti qurultaya qədər partiyanın sədri yenidən Sabir Rüstəmxanlı seçilsin. Bütün hallarda bu Sabir bəyin özünün iradəsindən və qurultayın qərarından asılı olan məsələdir. Bu barədə indindən danışmaq hələ tezdir. Bu gün keçirilən Ali Məclisin toplantısında bu barədə danışılmadı. Toplantıda əsasən bələdiyyə seçkiləri və partiyadaxili məsələlər müzakirə olundu, təşkilati məsələlərə baxıldı və konfransların keçirilməsi barədə qərar qəbul edildi. Amma Sabir bəyin məsələsi müzakirə olunmayıb. Bir məqamı da diqqətə çatdırım ki, Sabir Rüstəmxanlı ölkənin ictimai-siyasi həyatında, ədəbi proseslərdə, həm də diaspora sahəsində kifayət qədər ciddi fəaliyyət göstərən şəxsdir. O, partiya sədrliyindən getsə də, Vətəndaş Həmrəyliyi Partiyasının lideridir, qurucusudur. Bu şəkildə o, siyasi fəaliyyətini də davam etdirəcək, millət vəkili, siyasətçi kimi də fəaliyyətə göstərəcək, ədəbiyyatçı, şair, yazıçı kimi də”.

Yeni sədrin kim ola biləcəyi ilə bağlı suala VHP funksioneri cavabında deyib ki, partiya nizamnaməsi hər bir partiya üzvünün sədrliyə namizədliyini irəli sürüb və bu posta seçilməsinə icazə verir. Onun sözlərinə görə, bu qurultayın müstəsna səlahiyyətinə daxil olan məsələdir: “Partiyada kifayət qədər şəxs var ki, partiyanı idarə edəcək qabiliyyətə, potensiala malikdirlər. Bu barədə də danışmaq hələ tezdir, zaman bunu göstərəcək”

S.Əsədli deyib ki, bu ilin sentyabrında VHP-nin 22 yaşı tamam olacaq. Onun sözlərinə görə, partiyanın təməli elə qoyulub ki, bu partiya parçalanmaya, dağılmaya məruz qalan deyil: “Partiyanın parçalanması üçün çox cəhdlər olub, ancaq bu baş tutmayıb. Çünki VHP-nin üzvləri partiyanın ideologiyasına, siyasi xəttinə sadiqdirlər. Bizim üçün əsas önəm partiyanın yaşamasıdır, ideologiyaya sadiq münasibət göstərmək və sairdir. Təbii ki, Sabir bəy bizim ağsaqqalımız, liderimizdir. Onun getməsilə partiyada parçalanma olmayacaq. Çünki burada hər kəs onun qoyduğu ideyalara sadiq şəxslərdir”.

BƏXTİYAR


Müəllif: