Klassik Xalq Cəbhəsi Partiyası bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərilə yanaşı özünün 3-cü qurultayına hazırlaşır.
Bu barədə KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə yerlərdə hesabat-seçki yığıncaqları keçirilir: “Başda partiya sədri olmaqla, sədr müavinləri, İdarə Heyətinin üzvləri rayonlarda olur, iclaslarda iştirak edirlər. Ölkə üzrə zona müşavirələri keçirilir, təşkilatlanma işi gedir. Həmçinin bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədlər müəyyənləşdirilir. Çalışırıq ki, seçki dairələrindən səs ala biləcək şəxslərin namizədliyini irəli sürək. Namizədlərimiz əsasən partiya üzvlərindən, rayon şöbələrimizin rəhbərləri və nümayəndələrindən ibarətdir. KXCP-nin qəbul etdiyi və partiyamızı qəbul edən, bitərəf şəxslər, ziyalılar, yaxud başqa partiya nümayəndələri KXCP-nin namizədi ola bilər”.
KXCP-nin “Azadlıq-2015” seçki blokunda təmsil olunduğunu xatırladan X.Teyyublu əlavə edib ki, o yerdəki partiyanın namizədi olmayacaq, 8 partiyanın təmsil olunduğu blokun namizədini müdafiə edəcəklər.
Mirəlioğlunun namizəd olacağı dairə dəqiqləşdirilir
Onun sözlərinə görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun bir neçə dairə üzrə namizədliyi üzərində dayanılıb: “Bu dairələr ətrafında müzakirələr gedir. Seçkiyə yaxın müddətdə dəqiqləşmə aparıb Mirmahmud bəyin hansı dairədən namizədliyini irəli sürəcəyini açıqlayacağıq. Bir neçə seçki dairəsini gözaltı etmişik”.
O, KXCP sədr müavinlərinin namizəd olacağını da deyib. Özünün isə 20 saylı Nərimanov seçki dairəsindən namizəd olacağını açıqlayıb: “Düzdür, partiyada hələ müzakirələr gedir, amma bu dairəyə talibəm”.
“KXCP Pənah Hüseyni müdafiə edəcək”
X.Teyyublu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin KXCP-dən namizəd olacağı barədə yayılan xəbərə də aydınlıq gətirib: “2010-cu ildə parlament seçkilərinə Azərbaycan Xalq Cümhuriyyəti bloku ilə qatıldıq. O zaman Pənah Hüseyn həmin blokdan namizədliyini irəli sürmüşdü. Bu il də Azərbaycan Xalq Partiyası ilə eyni blokdayıq. Pənah bəyin hansı seçki dairəsindən namizəd irəli sürülməsi “Azadlıq-2015” seçki blokunda müzakirədədir. Hansı dairədən namizəd olacaqsa, KXCP Pənah Hüseyni müdafiə edəcək”.
KXCP funksioneri əlavə edib ki, partiya qurultayını parlament seçkilərindən qabaq keçirməyi planlaşdırırlar: “Təşkilatlanma işi və nizamnamə baxımından bunu məqbul sayırıq. Yerlərdə rayon şöbələrinin konfranslarının yarıdan çoxu keçirilmiş sayılarsa, partiya Ali Məclisi çağırıb qurultayın gününü təyin edəcək. Hələ yarıya çatmamışıq, proses gedir”.
“Mirəlioğluna rəqib görmürəm”
Partiya sədrliyinə iddialılara gəlincə, KXCP nizamnaməsinə görə yalnız qurultay günü sədrliyə namizədlər irəli sürülür. X.Teyyublu qeyd edib ki, namizədlər qurultay günü bəlli olur: “Orada say kommisiyası yaradılır, namizədlər elan olunur və seçki keçirilir. Hazırki siyasi vəziyyətdə Mirmahmud bəyə rəqib görmürəm”.
“Bütün idman yarışları müdafiə olunmalıdır”
O, ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına olan boykot çağırışlarına məhəl qoymadıqlarını da dilə gətirib: “Ölkənin tanınmış idmançılarından biri olmuşam, fikrimcə, bütün idman yarışları müdafiə olunmalıdır. İdman yarışları həmişə ölkəyə ucalıq gətirir. Əlbəttə, Azərbaycan öz gücünü, sistemini və baxışını ortaya qoyur, bunu normal qəbul etmək lazımdır. Bacardıqca bu idman yarışlarını keçirmək lazımdır”.
X.Teyyublu Avropa Oyunları ərəfəsində əfv sərəncamı ilə bağlı gözləntilərinin olduğunu da söyləyib.
Nərgiz