1 Aprel 2015 16:31
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu etirafı məmnunluqla qeyd edirik”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin ikinci katibi Könül Süleymanlı Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Leonid Slutskinin son şərhlərinə münasibət bildirib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, K.Süleymanlı deyib: “Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Leonid Slutskinin Azərbaycan Respublikasının Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransındakı çıxışı ilə maraqla tanış olduq. O, Ermənistanda olduğu zaman səsləndirdiyi fikirlərinin Ermənistan kütləvi informasiya vasitələri tərəfindən təhrif edildiyini və ona aid olmayan ifadələrin yazıldığını qeyd edib. Ermənistan KİV-lərinin bu kimi fəaliyyəti barəsində Leonid Slutski tərəfindən edilmiş etirafı məmnuniyyətlə qeyd edirik.

Bu bir daha onu göstərir ki, Ermənistan KİV-ləri özünün təbliğat fəaliyyətində hər bir fürsətdə ən çirkin vasitələrdən belə çəkinməyərək, şəxs tərəfindən deyilməyən sözləri onun fikirləri kimi qələmə verir”.

İkinci katib qeyd edib ki, Ermənistan dövlətinin tam nəzarətində olan Ermənistan KİV-lərinin Rusiya nümayəndələrinə münasibətdə bu cür fəaliyyəti Azərbaycan və Rusiya arasında siyasi münasibətlərə xələl gətirmək məqsədi güdür: “Bu çirkin təbliğat eləcə də Azərbaycana qarşı qarayaxma məqsədi daşıyır. Leonid Slutski ətrafında cərəyan edən hadisələr bir daha ona dəlalət edir ki, xüsusilə, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası əsasən Ermənistan və onun havadarlarından qaynaqlanır. Beynəlxalq hüquqa zidd destruktiv siyasəti və bu qəbildən olan neqativ fəaliyyəti ilə münaqişənin həllinə mane olmaq əvəzinə, Ermənistanın beynəlxalq ictimaiyyətin israrlı çağırışlarına əməl edərək, öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verərdi.

Səxavət


Müəllif: