Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub.
Azərtac xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma raport verib.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun qarşısından keçib.
Prezident İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum rəsmi foto çəkdiriblər.