Dialoqda iştirak edən partiyalardan AXCP-yə tutarlı cavab
AXCP-nin Fransaya qaçan mətbuat katibi Natiq Ədilov son aylar ölkədə baş tutan iqtidar-müxalifət dialoqunda iştirak edən siyasi partiyalara qarşı ittihamlarla çıxış edib.
O bildirib ki, xalqa, eləcə də, jurnalistlərə "bir özü, bir də papkası olan" partiyalarla hansı mövzu ətrafında dialoqun qurulduğu məlum deyil, bu prosesdə iştirak edən partiyaların ictimai-siyasi sanbalı olan hansısa addımını, ard-arda 5 funksionerini heç kim saya bilməz.
Aydındır ki, belə bir mövqe AXCP sədri Əli Kərimlidən gəlir, sadəcə, bu, partiya funksionerləri vasitəsilə tirajlanır.
AXCP mətbuat katibinin bu bəyanatını dialoq prosesində iştirak edən siyasi qüvvələr cavablandırıb.
Araz Əlizadə: "AXCP-dən daha çox üzvümüz var"
ASDP sədri Araz Əlizadə bildirib ki, sədri olduğu partiyanın üzvləri çox deyil: "Ancaq üzvlərimizi toplasaq, AXCP-nin üzvlərinin sayından çox olar. Onlar keçmiş kommunistlər kimi qeydiyyata aludə olublar. Ancaq anlamırlar ki, partiya üzvlüyü məsələsində qeydiyyat rol oynaya bilməz. Fikrimcə, onlar qeydiyyat metodundan əl çəkməlidirlər. Bizim kifayət qədər üzvlərimiz var".
Araz Əlizadə qeyd edib ki, AXCP hazırda heç kimi bəyənmir və hamıya münasibətdə aşağılayıcı fikirlər işlədir. Onun sözlərinə görə, heç kimi bəyənməyən AXCP hələ də anlamır ki, yalnız təmaslar və müzakirələr şəraitində insanlar bir-birini başa düşə bilər: "Bunların düşündüyü belədir ki, əgər qarşıdakı mənim rəqibimdirsə, onu yerə yıxıb başını kəsmək lazımdır. Normalda müzakirələr, polemikalar aparılmalı, tərəflər bir-birini anlamalı və başa düşməlidir. Bu proses lazımdır və vacibdir. AXCP bunu bəyənmirsə, öz problemidir. İndi camaat haqqında deyirlər ki, mandat alıb parlamentdə əyləşib. Elə bu kimi ilk halı Əli Kərimlinin özü edib və bu da həqiqətdir".
Elçin Mirzəbəyli: "AXCP adlanan təşkilat Əli Kərimlidən, "papka"sından və "papka" daşıyanından ibarətdir"
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə deyib ki, AXCP rəhbərliyi əvvəlcə öz ətrafında baxsın, bu partiyanın 15 il əvvəlki vəziyyəti ilə indiki durumuna müqayisə etsin: "Görsünlər ki, AXCP sədri bu təşkilatı hansı səviyyəyə gətirib. 15 il əvvəl AXCP Rəyasət Heyətində təmsil olunan insanların heç biri indi bu qurumda təmsil olunmur. Başqalarını aşağılayaraq yüksəlmək siyasəti son nəticədə AXCP-nin özünü bataqlığın dibinə sürükləyib. Ancaq buna baxmayaraq, yenə də, başqalarına çamur atırlar. Faciə ondadır ki, bu insanlar hansı vəziyyətdə və durumda olduqlarının fərqində deyillər. Əgər fərqində olsaydılar, ümid olardı ki, nə zamansa düzələcəklər. Ancaq indi onların düzəlmə ehtimalları sıfıra bərabərdir".
E.Mirzəbəyli qeyd edib ki, iqtidar-müxalifət dialoqu əsasən Azərbaycan siyasi səhnəsində real fəaliyyət göstərən qüvvələrlə aparılır. Bu partiyalar Facebook və digər sosial şəbəkələrdə saxta profillərlə fəaliyyət göstərmirlər: "Saxta profillər yaratmaqla siyasi partiyanın fəaliyyətini genişləndirəcəklərini düşünürlərsə, bu, onların problemidir. Biz real insanlarla real siyasət yürüdən siyasi təşkilatıq. Hər bir siyasi təşkilat da özünə cavabdehdir. Konkret olaraq "papka" məsələsinə gəldikdə, görünür ki, Natiq Ədilov Əli Kərimlinin "papka"sını daşıdığı üçün belə yanaşma tərzini ortaya qoyur. Hesab edirəm ki, AXCP adlanan təşkilat Əli Kərimlidən, "papka"sından və "papka" daşıyanından ibarətdir. Mən bu insanların kimliyini sadalasam, real mənzərəni görə bilərik. Bir zamanlar AXCP-də təmsil olunan insanlarla müqayisədə indi Əli Kərimlinin ətrafında 3-4 nəfər zombiləşdirilən insan var və bu açıq görünür. Bunu bilən məsələnin mahiyyətinə vara bilər. AXCP-də kim qalıb? Matros Faiq və artıq şizofreniya xəstəliyinə tutulan Natiq Ədilov. Bu gün Əli Kərimlinin ətrafında 2-3 nəfərdən savayı siyasi fəaliyyət göstərən yoxdur. Bu 2-3 şəxsin məqsədi isə ona-buna çamur atmaqdan ibarətdir".
Sərdar Cəlaloğlu: "AXCP yoxdur"
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, siyasi partiyaların gücü onun üzvlərinin sayı ilə ölçülməməlidir: "Əgər bu sayla ölçülsəydi, 17 milyon üzvü olan Kommunist Partiyası bir günün içində dağılmazdı və SSRİ-ni də qoruyub saxlayardı. AXCP 1988-ci ilin ab-havasındadır. Həm də müasir çağırışlardan və tələblərdən çox uzaqdır. Bolşevik təfəkkürlüdür. Müasir dünya standartları ilə müqayisə edəndə isə AXCP bir partiya kimi yoxdur. İdeya baxımından və siyasi uzaqgörənlik prinsiplərindən baxanda da, bu partiya kiçik bir qrup təsiri bağışlayır. Əgər bizim apardığımız iqtidar-müxalifət görüşünün nəticələrinin və səmərəsinin olmadığını düşünürlərsə, bu, onların problemidir. Bu halda bəs nədən iki gündən bir mitinq keçirirlər? Bəyəm, onların keçirdiyi mitinqlərin əhəmiyyəti olur? Məncə, olmur. Deməli, bu mitinqləri hansısa maraqlara görə təşkil edir və pul qazanırlar. Əks halda sübut etsinlər ki, etdikləri mitinqlərin nəticəsi olur".
CAVİDAN