3 Aprel 2015 11:45
1 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya (5+1) ilə İran arasında əldə olunan razılaşma dünya mətbuatının diqqət mərkəzindədir. Əldə olunan razılaşma İranın nüvə silahı hazırlamaq imkanlarını əsaslı dərəcədə minimuma endirir və yekun sazişin bütün əsas məqamlarını əhatə edir.

İranın uran zənginləşdirmə gücü azaldılacaq və Fordou obyekti nüvə fizika tədqiqat mərkəzinə çevriləcək. Artıq istehsal olunmuş zənginləşdirilmiş uran İrandan çıxarılacaq. BMT-nin nüvə agentliyi İranın yekun razılaşma öhdəliklərini yerinə yetirdiyini təsdiqləyəndən sonra sanksiyalar tam aradan qaldırılacaq.

ABŞ prezidenti Barak Obama bildirib ki, bu sazişlə İran dünyada istənilən başqa ölkədən daha çox təftişə məruz qalacaq: "Bu uzunmüddətli razılaşma olacaq və İranın potensial olaraq nüvə silahı hazırlamasının bütün cığırlarını kəsəcək. İranın nüvə proqramı üzərinə yaxın onillik üçün sərt limit qoyulacaq. Qurğuların tikilməsi və materialların anbarlanması üzərinə əlavə olaraq 15 illik məhdudiyyət qoyulur. Misli görünməmiş şəffaflıq tədbirləri 20 il və daha uzun müddətdə tətbiq olunacaq. Əlbəttə, bunlardan bəziləri daimi olacaq. Və Nüvə Silahının Yayılmamasına dair Müqavilənin üzvü kimi İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək”.

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, İran və altı dövlət rəsmiləri “olmaq istədiyimiz yerə hələ də tam çatmayıblar”. Onun sözlərinə görə, İrana qarşı sanksiya nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələri tam sazişlə qaldırılacaq.

"Dünyanın geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişəcək"

Politoloq Ərəstun Oruclunun sözlərinə görə, İran tərəfi yaxın 25 ildə uranı zənginləşdirməyəcəyi, Qərb isə ən yaxın zamanda Avropanın və ABŞ-ın İranın üzərindən bütün sanksiyaları qaldıracağı barədə öhdəlik götürüb: "Bu, bölgənin və hətta dünyanın geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişəcək bir anlaşmadır və onun əldə olunacağı haqda xəbərdarlığı biz ən azı il yarım əvvəl qeyd etmişdik".

"Bu bizim xeyrimizədir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, İrana qarşı iqtisadi sanksiyalar ortadan qaldırılandan sonra Qərb banklarındakı maliyyəsi geri qaytarılacaq: "Az qala 10 ildir davam edən gərgin müzakirələrə son qoyulur. Beynəlxalq aləm İranın nüvə silahı yaratmayacağna dair Tehrandan tutarlı təminat alıb. Bu gedişat bölgədəki duruma da təsir edəcək. Vaxt var idi, Qərb və İsrail mətbuatı İrana qarşı hava zərbələrində Azərbaycanın da adını çəkirdi. Bundan çıxış edən İran mətbuatı və generalları bizi hədəf seçmişdilər. Halbuki, açıq-aşkar dezinformasiya idi, Azərbaycan mümkün hərbi qarşıdurmada neytral qalacaqdı. İndi bu söz-söhbətlər arxada qaldı. ABŞ və Avropa Birliyinin İŞİD, Suriya, İraq və indi də Yəmənlə başı ağrıyarkən, İran məsələsi gündəmdən çıxdı. Tehran da Yaxın Şərqdə yaranan gərgin durumdan öz xeyrinə məharətlə istifadə etdi. Demək, yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər. Bu bizim xeyrimizədir. Ən azı İran əvvəlki kimi bütün məsələlərdə Rusiyanın ortağı olmayacaq".

"Bundan sonra Rusiyanın dünyadan təcrid olunması daha da asanlaşacaq"

Azad Demokratlar Partiyasının sədri Sülhəddin ƏkbərTeleqraf.com-a bildirib ki, İranla prinsipial məsələlərlə bağlı həlledici razılaşma əldə olunub, amma texniki məsələlər iyulun sonuna qədər həllini tapacaq: "Qərbin İranla əldə etdiyi bu razılaşmanın dünyada və regionda ciddi nəticələri olacaq. Birincisi, İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq və bu ölkənin dünya iqtisadiyyatına çıxışı asanlaşacaq. İrana qarşı iqtisadi sanksiyalar İran-Azərbaycan əlaqələrinə də mənfi təsir göstərirdi. İndi tranzit ölkə kimi Azərbaycanın əhəmiyyəti artacaq. Ölkəmizin ərazisində keçərək İrana gedəcək nəqliyyat vasitələrinin sayı artacaq. Qərbin İranla münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına uyğun deyildi. İkincisi, İrana qarşı sanksiyalar aradan qaldırılandan sonra dünyada neftin qiyməti aşağı düşəcək ki, bu da Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək. Artıq dünən axşamdan başlayaraq dünya bazarında neftin qiyməti düşməyə başlayıb. Yaddan çıxarmayaq ki, İranda 30 milyona yaxın soydaşımız yaşayır. Bundan sonra oradakı soydaşlarımızla əlaqələrimizi daha da gücləndirməliyik, inteqrasiya prosesi sürətlənməlidir".

S.Əkbərə görə, İranla əldə olunan anlaşmaya İsrailin reaksiyası maraqlı olacaq: "İsrailin bu günə qədərki reaksiyası bəyanatdan o tərəfə keçməyib. İsrail İrana qarşı təkbaşına hərbi əməliyatlara başlayacaqmı? İndi dünyanı bu məsələ maraqlandırır. Həmçinin İran Yaxın Şərqdəki proseslərdə mühüm rol oynayır. İraq, Suriya, Misir, Yəmən və digər ərəb ölkələrindəki proseslərdə İranın rolu danılmazdır. Bu mənada İranla Qərb arasında gərginliyin tam aradan qalxacağını gözləmək doğru deyil, amma münasibətlərdə yumuşalmalar olacaq".

Politoloqa görə, İrana qarşı sanksiyaların aradan qaldırılmasının arxasında Qərbin Rusiya ilə kəskinləşən münasibəti durur: "İran məsələsi ABŞ-ın vaxtını, enerjisini çox alırdı. Həmçinin İranın nüvə silahına yiyələnməsində Rusiyanın marağı var idi. Bununla Rusiya özünü cənubdan qorumağa çalışırdı. İrana qarşı sanksiyaları aradan qaldırmaqla Qərb Rusiyaya qarşı bir neçə yerdən zərbə vurmuş oldu. Bundan sonra Rusiyaya qarşı daha sistemli və güclü siyasət yürüdüləcək. Artıq İranın Rusiyaya ehtiyacı qalmayacaq. Düşünürəm ki, bundan sonra Rusiyanın dünyadan təcrid olunması daha da asanlaşacaq".

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər