Azər Həsrət: “Özbəkistan faktiki olaraq Ermənistanla heç bir əlaqə qurmur”
Bir neçə gün öncə Özbəkistanda növbəti prezident seçkiləri keçirilib. Özbəkistan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, prezident seçkilərində İslam Kərimov seçicilərin 90,39 faiz (17,2 milyon nəfər) səsini qazanıb. Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov bildirib ki, seçkilərdə Özbəkistandakı bütün siyasi partiyaları təmsil edən dörd namizəd iştirak edib. Onlar Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimov, “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidov, Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanov və “Ədalət” Sosial-Demokrat Partiyasından Narimon Umarovdur.
MSK sədri qeyd edib ki, seçki siyahılarında səsvermə hüququ olan 20 milyon 798 min 52 seçicinin adı var: “Onların 18 milyon 928 min nəfəri səs verib. Bu da seçicilərin 91 %-ini təşkil edir. Bu, o deməkdir ki, seçkilər baş tutub”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Səmərqənd şəhərində səsvermə prosesinin gedişini izləyiblər.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, Özbəkistan Azərbaycanla müqayisədə bir qədər qapalı sayıla biləcək ölkədir. Onun sözlərinə görə, eyni zamanda demokratiya, insan haqları və sair məsələlərlə bağlı beynəlxalq təşkilatların daim tənqidinə məruz qalan bir dövlətdir: “Amma onu da qeyd eləmək lazımdır ki, hazırkı prezident İslam Kərimovun bir qədər sərt məntiqi o ölkənin Əfqanıstana çevrilməsinin qarşısını alır. Özbəkistanın özündə də Əfqanıstan və digər İslam adı altında fəaliyyət göstərən terrorçu təşkilatların təsirində olan ölkələr kimi zaman-zaman islamçı qüvvələr baş qaldırmağa çalışır. Onların qarşısının alınmasında hazırkı prezident İslam Kərimovun müstəsna rolu var və bu xidmətlər davam etməkdədir. Təbii ki, biz Özbəkistanda seçkinin ideal olması haqqında danışa bilmərik. Amma, sadəcə olaraq, indiki şəraitdə məhz İslam Kərimovun Özbəkistana başçılıq etməsi məqsədəuyğundur. İslam Kərimovun şəxsi təşəbbüsü ilə Özbəkistan dövləti faktiki olaraq Ermənistanla heç bir əlaqə qurmur və onunla bir növ masa arxasına oturmaq istəmir. Bunun da əsas səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Yəni, Orta Asiya ölkələrindən, qardaş türk dövlətlərindən, təbii ki, Türkiyədən sonra Dağlıq Qarabağ məsələsində ən sərt və birmənalı mövqe sərgiləyən Özbəkistandır. Bu baxımdan düşünürəm ki, Özbəkistanda keçirilmiş seçkinin hazırki nəticəsi Azərbaycan üçün də əlverişlidir”.
A.Həsrət qeyd edib ki, İslam Kərimov öz prezidentlik postuna sadiqdir: “Biz onu müşahidə edirik. 90-cı illərin əvvəllərində Özbəkistanda milli azadlıq hərəkatı fonunda ortaya çıxan liderlər oldu. Həmin liderlər bu və ya digər şəkildə müəyyən fərqli fikirlər söyləyirdilər. O adamların bir qismi hazırda Özbəkistandan xaricdədir və faktiki olaraq, bu ölkənin daxilindəki proseslərə heç bir formada təsir edə bilmirlər. Yerdə qalanlar da artıq müvafiq rejimlə barışıblar, yəni Özbəkistanda baş verən prosesləri qəbul edirlər və faktiki heç bir etiraz, filan sərgiləmirlər. Bu baxımdan İslam Kərimovun öz kursunu artıq 25 ildir davam etdirməsi və bundan sonra da davam etdirəcəyi haqqında proqnozlar verə bilərik. Yəni, Özbəkistan öz kursundan kənara çəkilməyəcək. Həm MDB çərçivəsindəki fəaliyyətlərində, həm də NATO və Qərblə münasibətlərində özünəməxsusluğunu qoruyub saxlayacaq. Azərbaycanla münasibətlər təbiidir ki, ən yüksək səviyyədə dostyana münasibətlərdir. İslam Kərimovun şəxsən özü, eyni zamanda da bütövlükdə Özbəkistan xalqı azərbaycanlılara qardaş münasibəti göstərir”.
BƏXTİYAR