Bu gün Azərbaycan Mətbuat Şurasının dəvətilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Milli Məclisin sədr müavini Bahar Muradova ilə görüşüblər.
Qonaqları Milli Məclisin sədri Oqtay Əsədovun adından salamlayan vitse-spiker deyib ki, Azərbaycanlılarla türklər arasında görüş hər zaman bayramdır. B. Muradova deyib ki, Azərbayacan və Türkiyə arasında münasibətlər təkcə iki ölkə arasındakı münasibətlər deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış milli, dini ənənələrinə, tarixi birliyinə söykənir: “Ona görə də biz belə səfərlərin hər birini bu günki qarışıq dünyada çox vacib aspekt hesab edirik. Çünki bu siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, problemlərimiz və uğurlarımızı bir gücə çevirərək hədəflərimizə çatmaq isitiqamətində səyləri artırmağa xidmət edir. Azərbaycan və Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir”.
Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında çox ciddi dostluq əlaqələri var. B. Muradova vurğulayıb ki, bu gün dünyada çox ağır bir durum var: “Bizi hər yandan təhlükələr təhdid edir. Eyni zamanda bütün dünya ölkələri və xalqlarını bu təhlükələr təhdid etməkdədir. Bu təhlükələri önləmək, qarşısını almaq üçün ölkələrin üzərinə çox ciddi vəzifələr düşür. Türkiyə region güclü və tanınmış bir ölkəsi kimi, eləcə də Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi hesab edirəm ki, bu hədəflərə doğru birgə irəliləməkdə medianını gücünü düzgün müəyyənləşdirəcəkdir”.
Vitse-spiker Türkiyəli KİV nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib: “Dağlıq Qarabağ və qondarma “erməni” soyqırımı məsələlər ölkə içində olduğu kimi, beynəlxalq arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət proqramı müəyyənləşdirməsini tələb edir. Son illər bu istiqamətdə ciddi fəaliyyət gedir. Dağlıq Qarabağ problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin dəstəyinə ciddi bel bağlayır”.
Bahar Muradova qonaqların diqqətinə çatdırıb ki, I Avropa Oyunları ilə əlaqədar beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma kanpaniyası gedir: “Bu gün idman bir sıra dairələrin əlində dostları, millətləri birləşdirən, dostlaşdıran alət kimi yox, siyasi maraqları təmin edən alət kimi istifadə olunur. Hesab edirəm ki, idmanın siyasətə çevrilməsinin qarşısını almaq üçün media öz mövqeyini ortaya qoymalıdır. B. Muradova Azərbaycanın turizm imkanlarından danışıb. Bildirib ki, yaradılan turizm infrastrukturu ölkənin dünyada tanınmasına xidmət edən amillərdən biridir: “İlin istənilən fəsilində Azərbaycanda idman və turizm sahəsində aktivlik müşahidə olunur. Məhz buna görə də ölkəmiz xarici turistlərin ən çox maraq göstərdiyi məkana çevrilib”.
B. Muradova Türkiyədə son günlər baş hadisələrə görə hər bir Azərbaycan vətəndaşının üzüldüyünü və Türkiyə hökumətinə problem yaradan belə hadisələrə görə hiddətləndiyini vurğulayıb. Türkiyə Qəzetəcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim isə çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb: “Ötən il Əskişəhərdə biz 350 qəzetçinin iştirakı ilə I Türk Dünyası Qəzetçilər Şurası adlı konfrans keçirdik. Məqsədimiz hər il fərqli Türk Dünyası şəhərində belə konfransı keçirmək niyyətindəyik. Bununla bağlı işlər gedir. Növbəti belə konfrans Qazaxıstanda keçiriləcək. Amma, biz Azərbaycanda da belə konfransı keçirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, bu təklifimi sizə təqdim edirəm”.
Görüşün sonunda Bahar Muradova Türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb. Qeyd edək ki, Türkiyəli KİV nümayəndələrinin Azərbaycana səfəri aprelin 5-dək davam edəcək. Səfərdən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.
Nemət