3 Aprel 2015 17:09
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Matəm günlərində televiziya və radioda reklam materialının yayımlanması qadağandır

Milli Məclis “Reklam haqqında” qanun layihəsini ikinci oxunuşdan müzakirəyə çıxarıb. Bu haqda deputatlara qanun layihəsinin müəllifi Vahid Əhmədov məlumat verib. O qeyd edib ki, reklam bazarının inkişafı və onun doğru istiqamətdə tənzimlənməsi üçün ilk növbədə qanunvericilik bazası yaradılmalıdır: “Bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübədən geniş istifadə olunub, o cümlədən beynəlxalq sənədlərin tələbləri nəzərə alınıb. Layihəyə müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən yeni anlayışlar daxil edilib, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsinin yeni mexanizmləri təklif olunub. Mövcud “Reklam haqqında” qanun 30 maddədən ibarət olduğu halda, yeni layihə 39 maddədən ibarətdir. Bu layihədə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur”.

V.Əhmədovun sözlərinə görə, qanun layihəsində reklam hesab olunmayan məlumatların əhatə dairəsi dəqiqləşdirilib: “Layihədə xüsusən yetkinlik yaşına çatmamış uşaqların müdafiəsi ilə bağlı müddəalar genişləndirilib və süni qida məhsullarının reklamı ilə bağlı xüsusi maddə əlavə edilib. Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib. Sponsor reklamların yerləşdirilməsinə dair yeni qaydalar müəyyənləşib. Hazırki dövrdə sponsor reklamın geniş yayılmasına baxmayaraq, mövcud qanunvericilik bu sahəni tam tənzimləmir. Yeni layihəyə əsasən, matəm günlərində televiziya və radioda reklam materialının yayımlanması qadağandır. Eyni zamanda, reklam qurğularının yerləşdirilməsi ilə bağlı yeni qaydalar da müəyyən edilib. Həmçinin, spirtli içkilərin reklamına dair tələblər genişləndirilib, bu reklamların yayımlanmasına vaxt məhdudiyyəti qoyulub. Bu cür reklamlar yalnız gecə saat 12:00-dan səhər saat 6:00-dək yayımlana bilər. Bundan başqa, dərman vasitələrinin, tibbi texnikanın və tibbi xidmətin məzmununa dair yeni tələblər müəyyən edilib”.

Deputat Musa Quliyev isə bildirib ki, dərsliklərin və dərs ləvazimatlarının üzərində reklam şəkilləri ləğv edilməlidir. O qeyd edib ki, məsələn, dəftərin üzərində futbolçu Messinin şəkili var: “Onun əlində isə pepsi butulkası var. Halbuki onun yanında top olmalıdır. Hamımız da bilirik ki, bu növ içki vasitələri uşaqlar üçün necə zərərlidir. Bununla da uşaq bu içkiyə meylli olur və ondan istifadə etməyə maraq göstərir”.

Hazırda müzakirələr davam edir.

Nemət


Müəllif:

Oxşar xəbərlər