Bu gün bütün türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 4-də Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan tanınmış media nümayəndələri ilə görüşündə deyib.
Baş nazirin müavini Əli Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu problemin səbəb və nəticələri, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib, Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrindən danışıb.
Əli Həsənov deyib ki, tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və bu birlik əsrlər boyu davam edəcək. Diasporlarımız da ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər keçirir: “Türkiyə Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini dəstəkləyib. Bu gün bütün türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır”.
Baş nazirin müavini bildirib, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.
O, həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu sənədlər hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir: “ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Beynəlxalq aləmdə baş verən bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir”.
Ə.Həsənovun sözlərinə görə, təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb, əksinə çox şey itirib. Bu müddətdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Onlar üçün 90 qəsəbə salınıb və indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir: “Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik”.
Nümayəndə heyəti adından çıxış edən Türkiyə Qəzetçilər Federasiyasının təmsilçisi Yılmaz Karaca belə görüşlərin sayının artırılmasının önəmini, bunun bir-birimiz haqqında daha çox informasiya toplamağımıza və yaymağımıza imkan yaratdığını qeyd edib. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin önəmli olduğunu vurğulayıb.
Görüşdə Türkiyə Qəzetçilər Federasiyasının fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında da məlumat verilib.