8 Aprel 2015 11:46
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat İsa Qəmbər tərəfindən avtoritar qaydada idarə olunur”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, Müsavat Partiyası sıralarından çıxarılan Qubad İbadoğlu I müavini Vurğun Əyyubun Müsavat Məclis üzvlüyündən çıxarılmasına münasibət bildirib.

Q.İbadoğlu Teleqraf.com-a açıqlamasında deyib ki, Vurğun Əyyubun Məclis üzvlüyü statusuna xitam verilməsi Müsavat Partiyasının hazırkı rəhbərliyinin buraxdığı kobud səhvlərin davamıdır: “Məclisdə bu məsələylə bağlı müzakirələr onu göstərdi ki, demokratik təfəkkürü formalaşmayan şəxslərin həm hakim və həm də müxalif partiyaya rəhbərlik etmələri çox təhlükəlidir. Müsavat Məclisi məlum qərarı ilə müxtəlif fikirliliyə hörmətsizlik nümayiş etdirdi. Məclis üzvləri bu qərarla həmçinin partiyanın rəhbər strukturlarının qeyri-legitim olmasına əlavə arqumentlər yaratdılar və bir daha göstərdilər ki, partiya daxilində legitimlik probleminin olmasını onlar özləri də qəbul edirlər”.

“Vurğun Əyyubun gündən-günə artan nüfuzundan ehtiyatlanırlar”

Onun fikrincə, Məclisin məlum qərarının qəbulunun səsvermə ilə deyil, 1 nəfərin – keçmiş başqan İsa Qəmbərin təklifi əsasında həyata keçirilməsi ilə ortalığa 3 nəticə qoyuldu: “Birincisi, partiya hələ də avtoritar qaydada və köhnə başqan tərəfindən idarə olunur. İkincisi, partiyada Nizamnamə pozuntusuna Divan, MNTK-dan sonra Məclis də cəlb olundu. Üçüncüsü isə partiyada Vurğun bəyin gündən-günə artan nüfuzundan ehtiyatlanırlar. Əgər səsvermə olsaydı, Vurğun bəyin Məclis üzvülüyündən kənarlaşması təsdiq olunmaya bilərdi”.

“Məclis də Nizamnamə pozuntusuna cəlb olundu”

Q.İbadoğlu əlavə edib ki, müavinin Məclisdən çıxarılması onun üçün gözlənilən idi: “Vurğun bəyin Məclis üzvlüyü statusuna xitam verilməsini sakitliklə qarşıladım. Çünki xitam verilmə formatının bu cür seçilməsi göstərdi ki, onları Müsavatın Nizamnamə tələbləri deyil, sadəcə Vurğun bəyin Məclisdən kənarlaşdırılması düşündürürdü. Ona görə də bu qərarı Müsavat Partiyasının hazırkı rəhbərliyinin buraxdığı kobud səhvlərdən biri kimi qiymətləndirəm. Sadəcə yeganə fərq o idi ki, bu halda Məclis də Nizamnamə pozuntusuna cəlb olundu”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər