8 Aprel 2015 17:30
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin təbrik məktubu oxundu

Bu gün İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi açılış mərasimində əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.

Azərbaycanın geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunduğu XVIII Avrasiya İqtisadi Zirvəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair maraqlı kadrlar da yer alıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrik məktubunu oxuyub.

Təbrik məktubunda ölkəmizin Avrasiya məkanında inkişafın və tərəqqinin təmin olunmasında, Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb. Dövlət başçısı bu məsələlərin müzakirə olunduğu Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzulayıb.

Zirvədə 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edirlər.

İki gün davam edəcək tədbirin gündəliyinə “İpək yolu: iqtisadiyyat, enerji və maliyyə”, “Sülhə gedən yol”, “İnsanlıq hara gedir?” mövzularının müzakirəsi və digər məsələlər daxildir.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin məruzəsi dinlənilib. Akkan Suver Zirvənin əhəmiyyətindən, iştirakçı tərəflərin inkişaf və tərəqqiyə yüksək əhəmiyyət verməsindən bəhs edib. Azərbaycan Respublikasının həyata keçirdiyi strateji layihələrin önəmini diqqətə çatdıran sədr qeyd edib ki, TANAP və TAP da daxil olmaqla reallığa çevrilən layihələr inkişafa, sülh və əmin-amanlığa, insanların rifahına xidmət edir.

Daha sonra İstanbul valisi Vasip Şahinin, professorlar Erman Tuncerin, Temel Kotilin, Gökhan Murat Kalsının və digərlərinin çıxışları olub. Bildirilib ki, artıq ənənə halı almış Avrasiya İqtisadi Zirvəsində təkcə iqtisadi mövzuların yox, insan haqlarına və demokratik dəyərlərə aid məsələlərin müzakirə olunması beynəlxalq proseslərə kompleks yanaşmanın təzahürüdür. Diqqətə çatdırılıb ki, terrorçuluqla mübarizədə, insanları pis vərdişlərdən çəkindirməkdə yeganə yol inkişaf və tərəqqidir.

Çıxışlarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsi və Qərbə nəqli, bu sahədə həyata keçirilən siyasətin və layihələrin beynəlxalq əhəmiyyəti qeyd edilib.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinə üzvlüyünün on ili tamam olan bir qrup şəxsə, o cümlədən Azərbaycanın energetika naziri Natiq Əliyevə qurumun təsisçisi olduğu “Şərəf” medalı təqdim edilib.

Zirvə aprelin 9-da işini davam etdirəcək. Qeyd edək ki, tədbirə informasiya dəstəyi verən media sponsorları qrupuna Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) da daxildir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər