8 Aprel 2015 19:05
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “O, bu bəyanatla yalan və möhtəkirlik əsasında yürütdükləri siyasəti bir daha ifşa edir”

“Əlaqədar tərəflərdən heç biri Qarabağ münaqişəsinin gərgin fazaya keçməsini istəmir”. Bu sözləri Rusiya XİN-in başçısı Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla danışıqlarının yekunlarına əsasən bəyan edib.

S.Lavrov ritorikaya baxmayaraq tərəflərin də bunda maraqlı olmadığına əmin olduğunu deyib: “Biz münaqişənin gərgin fazaya keçməsi fikrini heç ağlımıza gətirmirik. Bizim bütün fəaliyyətimiz qarşılıqlı məqbul həll yolunun mümkün qədər tez tapılmasına yönəlib”.

Rusiya naziri bildirib ki, bu məsələ ilə bağlı əlaqələr müntəzəm davam etdirilir. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin nümayəndələri tez-tez regiona gedirlər. Həmsədr ölkələrin prezidentləri həll yollarının axtarışı ilə şəxsən maraqlanırlar. S.Lavrov deyib: “Bizim prezident ötən il xüsusi səylər göstərib. Bunun sayəsində praktiki planda mümkün addımlar barədə məsləhətləşmələr davam etdirilir. Bunlar Cənubi Qafqazın hər hansı bir blokada, sanksiya və məhdudiyyət olmadan əməkdaşlıq regionuna çevrilməsi üçün heç kəsi razı salmayan bu münaqişənin aradan qaldırılması prosesinin həyata keçirilməsinə imkan verərdi”.

Rusiya XİN-in başçısının sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə şəraitin yaradılması istiqamətində səylərini davam etdirəcək, həmin problemin bütün tərəflər üçün məqbul əsasda həllinə şəraitin yaradılmasına bundan sonra da fəal kömək edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbandyanın Moskvada keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərini şərh edərkən deyib: “Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi həmsədrlərin mandatına dair 1995-ci il Budapeşt sənədində qeyd olunduğu kimi beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb olunur.

Əgər Ermənistan xarici işlər naziri iddia edirsə ki, Ermənistanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq ictimaiyyət və ATƏT Minsk qrupunun həmsədrlərinin mövqelərinə uyğundur, onda Ermənistan öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və Böyük Sülh Sazişi üzərində işə başlamalıdır.

Sual olunur ki, bəs onda Ermənistan Böyük Sülh Sazişi üzərində işə başlamaqdan niyə imtina edir və bununla əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin ən yüksək səviyyədə olan çağırışlarını rədd edir?
Ermənistan xarici işlər naziri bu bəyanat ilə əslində ölkəsinin rəhbərliyinin danışıqlar prosesində yalan və möhtəkirlik əsasında yürütdüyü siyasətini bir daha ifşa edir. Ona görə də məqsədyönlü şəkildə danışıqlar prosesini pozan və Azərbaycana qarşı işğal və təcavüz nəticəsində yaranan mövcud status kvonu saxlamağa çalışan Ermənistana münasibətdə sülhə məcburedici mexanizmlər, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.

Səxavət


Müəllif: