İsveçrənin Lozanna şəhərində BMT Təhlükəsizlik Şurası üzvlərinin İranla əldə etdiyi ilkin anlaşmadan sonra Tehranla münasibətlərin yumuşalacağı gözlənilsə də, baş verənlər bunun əksini sübut edir. ABŞ prezidenti Barak Obama konqresin İrana aid anlaşma layihəsinə qarşı çıxıb və bəyan edib ki, sənəd qəbul edilsə də belə, ona veto qoyacaq. Çünki İran üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. İran prezidenti Həsən Ruhani isə öz növbəsində qeyd edib ki, ölkəsinə qarşı sanksiyalar aradan qaldırılmayınca, nüvə sənayesi inkişaf etdiriləcək. Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibəsində İranla Qərb arasında məlum anlaşmadan sonra yaşanan gərginliyə münasibətini bildirib:
- İki ildən artıqdır ki, uranın zənginləşdirilməsinin qarşısının alınması və nüvə texnologiyasının sıradan çıxarılması yönündə İranla danışıqlar aparılır. Aprelin 2-də İsveçrənin Lozanna şəhərində BMT Təhlükəsizlik Şurasının üzvləri İranla anlaşmaya çox yaxın idi. Hətta hiss olunurdu ki, İran ictimaiyyəti də bu danışıqlardan çox şey gözləyirdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Tehranda təmtəraqla qarşılanması bunu deməyə imkan verir. İran xalqı dinc yaşamaq, kənar məsələlərə qarışmadan yaşamaq istəyir. Amma İranın teokratik hakimiyyəti fərqli düşünür. İlkin anlaşmaya görə, İran uranın 3.67 faiz səviyyəsində zənginləşdirilməsi üçün beş min aktiv sentrifuqaya malik ola, sentrifuqaların yeni nəsli üzərində tədqiqatlar apara bilər. Digər texniki məsələlər iyul ayına qədər müzakirə edilməli idi. İranın prezidenti Həsən Ruhani prezidentliyinin ilk vaxtlarında özünü dünyaya islahatçı kimi tanıtmaq istədi. Çoxları düşündü ki, deyəsən, İran dünyaya qaynayıb qarışacaq. Amma sonrakı proseslər göstərdi ki, İran gizli nüvə silahı anbarlarını beynəlxalq təftişçilərin üzünə açmaq istəmir. Bu azmış ki, Tehran xarici ölkələrdə dini qarşıdurmalar yaradaraq siyasi proseslərə müdaxilə edir. Yəməndə baş verən hadislər zamanı biz bunun şahidi olduq. Radikal şiə-husi döyüşçüləri məhz İranın dəstəyi ilə ölkədə çevriliş edir. Bu mənada İsrail düzgün bəyan edir ki, İran dinc yaşamaq vərdişlərini çoxdan itirib, bu ölkə islah oluna bilməz. İranın Yəməndəki proseslərdə oynadığı roldan sonra Lozanna anlaşmasının heç bir əhəmiyyəti qalmır. Hesab edirəm ki, İrana qarşı tətbiq edilən sanksiya aradan qaldırılmayacaq və İran xalqı bundan əziyyət çəkməkdə davam edəcək. Sanksiyalardan əziyyət çəkən İran hakimiyyəti deyil, xalqdır. Ölkənin ruhani rəhbərliyinə indiki vəziyyət sərf edir. "Xaricdən təzyiq var" adı altında ölkəni asanlıqla idarə edir, öz siyasətlərini yürüdürlər. Qərbin İran açılımı olsa, orada yaşayan soydaşlarımızda da qorxu hissi aradan qalxar və öz mübarizələrini daha rahat şəkildə apara bilərlər.
- Bir çoxları qeyd edir ki, Türkiyə prezidenti Ərdoğanın İran səfərində məqsəd Tehranı Lozanna anlaşmasına razılaşdırmaq olub. Bu barədə nə deyə bilərsiz?
- Mən fərqli düşünürəm. Hesab edirəm ki, Ərdoğanın İran səfərində məqsəd sanksiyalar aradan qalxandan sonra Türkiyənin bu ölkədəki bazara sahiblənmək istəyidir. Ərdoğan fürsətdən istifadə edib, İranı TANAP layihəsinə qoşmaq və alınan qazın qiymətini aşağı salmaq istədi. Əgər İranla "altılıq" arasında aparılan danışıqlar nəticə verməsə, Türkiyənin cəhdləri də uğursuz alınacaq. Məncə, TANAP-la bağlı İranla aparılan danışıqlar özünü doğrultmayacaq.
- Belə demək olarmı ki, İranla aparılan danışıqlar neftin dünya bazarındakı qiymətinin aşağı salınmasına və beləliklə də, Rusiyaya daha çox zərər vurmağa hesablanıb?
- Burada bütün yanaşmaların, arqumentlərin yaşamaq haqqı var. Rusiyaya qarşı sanksiya Ukraynanın ərazi bürövlüyünü pozmasına görə tətbiq edilib. 10 ildən yuxarıdır ki, Qərb İranla nüvə danışıqları aparır və 3 ildir ki, bu ölkəyə sanksiya tətbiq edilib. Rusiyaya qarşı isə tətbiq edilən sanksiyanın müddəti heç 1 il deyil. Yəni iki ölkəyə qarşı Qərbin sanksiyalarının səbəbləri müxtəlifdir. Doğrudur, ABŞ çalışır ki, İranla münasibətləri yoluna qoysun və bütün diqqətini Rusiyaya qarşı yönəltsin, amma indi görünür ki, İranla danışıqlar aparmaq mənasızdır. Hesab edirəm ki, Qərb İranla danışıqları donduraraq Rusiyaya qarşı təzyiqləri davam etdirəcək. ABŞ-dan qabaq Rusiya istəyirdi ki, Avropa Birliyini parçalasın, amma bacara bilmədi. ABŞ isə dünyanın supergüc dövlət olduğunu bir daha sübut etdi.
Ayxan