Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Serbiyanın Baş naziri Aleksandr Vuçiçlə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qonağı salamlayan O.Əsədov bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafında dövlət başçılarının böyük rolu var. Belə ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb və iqtisadi münasibətlərimizin inkişafı üçün geniş potensial mövcuddur. Ölkələrimiz arasında imzalanmış bu sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edir, siyasi və iqtisadi inkişafa dəstək verir.
Sədr diqqətə çatdırıb ki, Azərbaycan böyük iqtisadi layihələrdə iştirak edən ölkədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.
Söhbət zamanı qeyd olunub ki, ölkələrimizi bir-birinə bağlayan bir sıra amillər var. Hər iki ölkə müharibənin, ərazi bütövlüyünün pozulmasının nə olduğunu bilir. Buna görə də ölkələrimiz bu istiqamətdə bir-birilərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini dəstəkləyirlər. Bildirilib ki, iki ölkənin parlamentlərarası münasibətləri sürətlə inkişaf edir və hazırda hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərirlər. Belə bir fikir vurğulanıb ki, ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi münasibətləri inkişaf etdirməyə ehtiyac var.
Söhbət zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. Sədr Serbiyanın 2015-ci ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına inamını ifadə edib.
Görüş üçün təşəkkürünü bildirən Serbiyanın Baş naziri A.Vuçiç diqqətə çatdırıb ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz olaraq qalır. Qonaq bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir.
Söhbət zamanı qeyd olunub ki, Serbiyada bir sıra Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərir və investisiya yatırırlar. Diqqətə çatdırılıb ki, bu münasibətləri daha da intensivləşdirmək üçün iki ölkə arasında birbaşa təyyarə reyslərinin açılması faydalı olardı.
Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Məlahət İbrahimqızı, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiç və digər rəsmi şəxslər iştirak ediblər.