Fəzail Ağamalı: “Bu cür qərəzli hesabatlar Azərbaycanın əldə etdiyi uğurlardan böyük məyusluq keçirən qüvvələrin əməlləridir”
GRECO Avropa Şurasının anti-korrupsiya qurumu yeni hesabatını açıqlayıb. Hesabatda iddia edilir ki, Azərbaycan korrupsiya ilə mübarizə sahəsində problemin həlli üçün az iş görür.
Hesabatda deyilir ki, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasına qarşı səmərəli müxalifət yoxdur.
Qeyd edək ki, bəzi Qərb təşkilatlarının bu cür hesabatlarına cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, ölkəmizin müstəqil siyasəti heç də hamıya xoş gəlmir: “Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində, heç vaxt dayanmayıb. Avropa İttifaqı ölkələrində vətəndaşların toplaşmaq, öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ həm qanunvericilik, həm də praktiki cəhətdən məhdudlaşdırıldığı halda (belə hallarla bağlı çoxsaylı faktlar mövcuddur - 2011-ci ildə Britaniyada iğtişaşlar, ABŞ-da ”Uol striti zəbt et" kampaniyası, Ferqyuson hadisələri, Qərbin “başqalarına nümunə göstərilən azadlıqlarının” pərdə arxası görüntülərini dünyaya açıqlayan Snouden, Assans ətrafında baş verən olaylar, Almaniyada mitinqlərin dağıdılması və s.) Qərb təmsilçilərinin Azərbaycana qarşı irəli sürdüyü “tələblər” qərəzli münasibətin əsl nümunəsi kimi səciyyələndirilə bilər. Bu yaxınlarda Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının qarşısında baş verən hadisələr zamanı polislə qarşıdurmada 350 nümayişçi həbs olunub, onlarla insan yaralanıb. Hadisələri işıqlandırmağa çalışan jurnalist qadının “ Frankfurtda polis mətbuata hücum edir, mətbuat azadlığı haradadır” sözlərini Qərb və avropalı “demokratiya icad edənlər” nədənsə eşitmirlər. Məhz həmin aksiyada iştirakçılara qarşı gözyaşardıcı qazlardan, təzyiqli su və dəyənək zərbələrindən istifadə olunub. Ən pisi odur ki, dövlət rəsmiləri aksiya iştirakçılarına qarşı zorakılıqları dəstəkləyirlər. Azərbaycanda isə istənilən partiya və bloklar “Sərbəst toplaşma azadlığı haqqında” qanuna müvafiq olaraq istənilən vaxt icazəli mitinq və aksiya keçirməkdə sərbəstdirlər. Bu zaman isə onlara qarşı hər hansı təzyiq göstərilmir".
“Azərbaycan korrupsiyaya qarşı ən ardıcıl və prinsipial mübarizə aparan ölkələrdən biridir”
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Milli Məclisin deputatlarına qarşı irəli sürülən ittihamları şərh edib. Deputat GRECO-nun hesabatına cavab olaraq bildirib ki, məqsəd digər qərəzli hesabatlar kimi Azərbaycana qarşı böhtan və şər kampaniyasını yenidən ortaya qoymaqdır: “Azərbaycan korrupsiyaya qarşı ən ardıcıl və prinsipial mübarizə aparan ölkələrdən biridir. Təəssüflər olsun ki, korrupsiya hətta ən inkişaf etmiş, demokratik sayılan ölkələrdə belə mövcuddur. Heç bir ölkə cəmiyyətin və bəşəriyyətin bu bəlasından tamamilə xilas olmayıb. Azərbaycan öz müstəqilliyini 20 ildən çoxdur ki, qazanıb, imperiya əsarətindən çıxaraq öz müstəqil yoluna qədəm qoyub. Bu yolda 10 il müharibələr, daxili çəkişmələr, ölkənin stabilliyinin təmin olunması, sabitliyinin qorunub saxlanmasına, qanunların qəbul edilməsi, dövlət quruculuğuna sərf olunubsa,daha bir 10 il ölkədə korrupsiyaya qarşı açıq və daha şiddətli mübarizə illəri kimi qeyd oluna bilər”.
Onun sözlərinə görə, bununla bağlı artıq Azərbaycanda bütün qanunvericilik aktları qəbul olunub, korrupsiyaya qarşı mübarizə aparan xüsusi qurum var: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ona verilmiş səlahiyyətlər çərçivəsində korrupsiyaya qarşı mübarizəni ardıcıl şəkildə aparır. Eyni zamanda, korrupsiya və rüşvətxorluğu doğura bilən amillərin aradan qaldırılması üçün dövlətimiz tərəfindən addımlar atılır. Vətəndaş və məmur münasibətlərinin aradan qaldırılması üçün elektron hökumət yaradılır. Bir çox mühüm sahələrdə vətəndaş-məmur təmasları yox dərəcəsindədir. Azərbaycan brendi hesab olunan ”ASAN xidmət" xalqımızın ixtiyarındadır. Bir sözlə, ölkə prezidenti birmənalı olaraq korrupsiyaya qarşı mübarizəyə çox ciddi önəm verir. Bunun konkret nəticələri də göz önündədir və Azərbaycanda bu bəşəri problemin aradan qaldırılması üçün ciddi səylər göstərilir".
“Milli Məclisdə 9 partiya müxalifətdədir”
F.Ağamalı deyib ki, hesabatda parlamentdə müxalifətin olmaması barədə deyilənlər doğru deyil: “Yeni Azərbaycan Partiyasına qarşı Milli Məclisdə 9 partiya müxalifətdədir. Bu müxalifət konstruktiv müxalifətdir. Onlar düşünürsə ki, müxalifətdə olan deputatlar parlamentin işini pozmalı, Milli Məclisin tribunasından istifadə edib xalqı inqilaba, itaətkarlığa, vətəndaş müharibəsinə səsləməlidir, yanılırlar. Bu çağırışları edən kəsləri müxalifət hesab edirlərsə, bu da heç doğru deyil. Bu gün Azərbaycan parlamentində konstruktiv, nöqsanlara qarşı prinsipial mövqe nümayiş etdirən siyasi partiyalar var və bunlar hər zaman bu və ya digər məsələlərlə bağlı özlərinin prinsipial mövqeyini ortaya qoyurlar”.
Ayrı-ayrı şəxslərin bizneslə məşğul olmasına gəlincə, AVP sədri söyləyib ki, qanunlara görə Milli Məclisin deputatlarının, məmurların bizneslə məşğul olması qadağandır: “Əgər kimsə vaxtilə bizneslə məşğul olubsa, indi sahibkarlıq fəaliyyətinə xitam verib, Milli Məclisə deputat seçilibsə, onu qınamaq doğru deyil. Doğrudan da, düşünürlərsə, Milli Məclisdə sahibkarlıqla məşğul olan deputatlar var, qoy onda həmin şəxsləri ünvanlı şəkildə ifadə etsinlər, ad və soyadlarını desinlər. Bütövlükdə Milli Məclisi hədəfə çevirməsinlər. Azərbaycan qanunla idarə olunan ölkədir. Bu cür qərəzli hesabatlar Azərbaycanın əldə etdiyi uğurlara qısqanan, bu uğurlardan böyük məyusluq keçirən anti-Azərbaycan qüvvələrinin əməlləridir. Lakin Azərbaycan xalqının iradəsi ölkə Prezidentinin həyata keçirdiyi siyasətin yanındadır”.
NƏRGİZ