Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta aprelin 15-də Gəncədə kəlbəcərli məcburi köçkünlər üçün salınmış şəhərcikdə olub.
Əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətində görüş keçirilib. İcra hakimiyyətinin başçısı Aqil Məmmədov amerikalı qonağa məcburi köçkün həyatı yaşayan kəlbəcərlilərin hazırkı durumu barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər məcburi köçkünlər kimi kəlbəcərlilər də gözəl və yaraşıqlı mənzillərlə təmin ediliblər. Lakin bu gün hər bir kəlbəcərli yurd həsrəti ilə yaşayır və tezliklə öz ata-baba torpaqlarına qayıdacaqlarına inanırlar.
Görüş zamanı səfir Robert Sekutanın suallarını cavablandıran A.Məmmədov işğaldan əvvəl Kəlbəcərin İstisu kurortunda çəkilmiş mənzərə şəklini diplomata hədiyyə edib.
Məcburi köçkün şəhərciyi ilə tanışlığı Kəlbəcər rayon mədəniyyət evində davam etdirən səfir burada uşaqların əl işlərindən ibarət sərgiyə baxıb, incəsənət ustalarının çıxışlarını dinləyib.
Şəhərcikdəki uşaq bağçasına gələn səfiri balacalar xorla oxuduqları Azərbaycanın dövlət himni ilə qarşılayıblar. ABŞ diplomatı uşaqlarla birlikdə xatirə şəkli çəkdirib.
Sonra səfir Robert Sekuta məcburi köçkün Nurməmməd Əhmədovun evində çay süfrəsinə qonaq olub. Çay süfrəsi arxasında söhbət zamanı el ağsaqqalı Nurməmməd Əhmədov səfirdən təmsil etdiyi ölkənin bu ədalətsizliyə son qoyulmasında fəallıq göstərməsini xahiş edib.