17 Aprel 2015 11:00
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: “İşğalın dondurulmuş münaqişəyə çevrilməsinin məsuliyyəti beynəlxalq təşkilatların üzərinə düşür”

ABŞ-ın Los Anceles şəhərində amerikalı və beynəlxalq ekspertlərin, eləcə də diplomat və ictimai-siyasi xadimlərin iştirakı ilə elmi konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Ermənistan- Azərbaycan münaqişəsi müzakirə edilib.

Loyola Marymont Universitetində keçirilən tədbir ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los Anceles Beynəlxalq Məsələlər Şurası, RAND Korporasiyası, Cənubi Kaliforniya Universiteti və Çəpmən Universiteti tərəfindən təşkil olunub. Tədbirdə qeyd olunan beyin mərkəzlərinin tanınmış mütəxəssisləri, sabiq ABŞ və Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çəpmən, Stənford və Palo Alto universitetlərinin professorları, Almaniya Bundestagının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet və digərləri iştirak ediblər.

Azərbaycan adından konfranda Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatıAsim Mollazadə çıxış edib.

Mədəniyyətlərarası və qlobal kommunikasiya sahəsində tanınmış mütəxəssis Venşan Cianın moderatorluğu ilə keçirilən Qarabağ panelində ilk çıxışı millət vəkili Asim Mollazadə edib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına diqqət çəkən millət vəkili bu işğal faktının dondurulmuş münaqişəyə çevrilməsində əsas məsuliyyətin beynəlxalq təşkilatların üzərinə düşdüyünü bildiririb. O, qeyd edib ki, BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ermənistana hər hansı konkret təzyiq etməməsi, Ermənistan tərəfindən işğalçı siyasətin davam etdirilməsinə rəvac verir.

Millət vəkili, həmçinin vurğulayıb ki, bu durumda sadəcə azərbaycanlı qaçqın və məcburi köçkünlər əziyyət çəkmir. Eyni zamanda, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistan cəmiyyəti də bu işğalçı siyasətin qurbanına çevrilib.

Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən də bəhs edən millət vəkili, Ermənistan tərəfindən azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb. O, qeyd edib ki, bu gün regionda real sülhə nail olmaq üçün birinci növbədə Ermənistan müstəqil dövlət kimi formalaşmalı, öz suveren iradəsini nümayiş etdirməyi bacarmalıdır: “Əks təqdirdə, Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli görünmür” – deyə millət vəkili bildirib.

Çəpmən Universitetinin əməkdaşı Dr. Ceyms Koyl isə çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, indiyə qədər görülən işlərin, irəliyə sürülən təkliflərin heç bir nəticə vermədiyini, Qrupun bu fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, bu Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.

Çıxışlardan sonra natiqlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Nemət


Müəllif:

Oxşar xəbərlər